...

Buxarestdə Əli və Nino əsərinin və “Nizaminin aforizmləri” miniatür kitabının rumın dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib

Mədəniyyət Materials 6 Mart 2013 21:26 (UTC +04:00)
Martın 6-da Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə Buxarest Universitetinin filologiya fakültəsinin rus və slavyan dilləri kafedrasının müdiri, professor Antonneta Olteanu tərəfindən rumın dilinə tərcümə edilmiş, Rumıniyanın “All” nəşriyyatının nəşr etdiyi Əli və Nino kitabının, habelə Moldova Azərbaycanlıları Konqrensinin və onun sədri Vüqar Novruzovun dəstəyi ilə hazırlanmış, Moldovanın tanınmış yazıçısı İon Xadırkenin tərcümə etdiyi və “Prut” nəşriyyatının 4 dildə nəşr etdiyi “Nizaminin aforizmləri” miniatür kitabının təqdimat mərasimi keçirilib.
Buxarestdə Əli və Nino əsərinin və “Nizaminin aforizmləri” miniatür kitabının rumın dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 6 mart /Trend/

Martın 6-da Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə Buxarest Universitetinin filologiya fakültəsinin rus və slavyan dilləri kafedrasının müdiri, professor Antonneta Olteanu tərəfindən rumın dilinə tərcümə edilmiş, Rumıniyanın "All" nəşriyyatının nəşr etdiyi Əli və Nino kitabının, habelə Moldova Azərbaycanlıları Konqrensinin və onun sədri Vüqar Novruzovun dəstəyi ilə hazırlanmış, Moldovanın tanınmış yazıçısı İon Xadırkenin tərcümə etdiyi və "Prut" nəşriyyatının 4 dildə nəşr etdiyi "Nizaminin aforizmləri" miniatür kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Rumıniya parlamentinin deputatları, senatorları, dövlət strukturlarının nümayəndələri, ictimai təşkilat və fondlarının üzvləri, tanınmış ədəbiyyat, tarixçi, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, Buxarest şəhərində akkreditə olunan xarici ölkələrin diplomatları, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, ARDNŞ-in Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, Azərbaycansevər rumınlar, türk-tatar icmalarının nümayəndələri iştirak ediblər.

İlk növbədə, tədbiri giriş sözü ilə açan Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov ölkələrimiz arasındakı əməkdaşlığın bütün sahələrdə sürətlə inkişaf edərək, ənənəvi dostluq və tərəfdaşlıq səviyyəsindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldiyini qeyd edib. O, burada siyasi, iqtisadi, humanitar əlaqələr olduğu kimi xalqlarımızın mədəni sahədə əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Səfir Eldar Həsənov vurğulayıb ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, Azərbaycan paytaxtının mərkəzi parklarının birində Rumıniyanın görkəmli alimi, musiqiçi Corc Eneskunun heykəli ucaldılıb, həmçinin, Azərbaycan ədəbiyyatının klassik əsərləri rumın dilinə, rumın ədəbiyyatının əvəzsiz nümunələri isə Azərbaycan dilinə tərcümə olunub.

Azərbaycanın Rumıniyadakı səfiri ölkəmizin tarixi, mədəniyyətindən bəhs edən Əli və Nino əsərinin 1937-ci ildən başlayaraq dünyanın 33 dilində nəşr olunduğunu qeyd edib. O, həmçinin bildirib ki, əsər həm də ümumiyyətlə, Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin təzahürü ilə yanaşı, dünyada hazırda müşahidə edilən ziddiyyətli tendensiyalar fonunda xalqların gələcəyi və rifahı üçün bəşəriyyətin sivilizasiyalararası dialoqa böyük ehtiyacı olduğunu və iki dövlətin mehriban qonşuluq əlaqələrinin digər ölkələr üçün nümunəvi təcrübə kimi istifadə olunması zərurətini bir daha təsdiqləyir.

Daha sonra təqdimatı keçirilən Nizaminin Aforizmləri miniatür kitabında dahi şairin əsərlərindən seçilmiş tərbiyəvi, vətənpərvər və milli ruhda olan ifadələrin öz əksini tapdığı, həmçinin Nizami lirikasının yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçildiyi diqqətə çatdırılıb. Nizami Gəncəvinin ilkin Şərq Renessansın zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi ideyaları parlaq bədii əksini tapdığı qeyd edilib.

Səfir Eldar Həsənov Xocalı soyqırımının, eləcədə işğal olunmuş Azərbaycan torpaqlarında törədilmiş erməni vəhşiliklərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasətinin davamı kimi bu il Rumıniya Parlamentində Xocalının insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməsinin vacib hadisə olduğunu diqqətə çatdırıb.

Azərbaycanlı diplomat eyni zamanda, Rumıniyanın Avropa İttifaqı və NATO üzv ölkələri arasında Xocalı qırğınına qarşı Parlament səviyyəsində dürüst mövqe nümayiş etdirən ilk ölkə olduğunu vurğulayıb. Bildirilib ki, ölkənin ali qanunvericilik orqanı olan parlamentdə etnik ayrı-seçkilik zəminində erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri amansız qətlin nəticələri açıqlanıb, münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və suverenliyi birmənalı dəstəklənib.

Tədbirdə çıxış edən Əli və Nino əsərinin tərcüməsi işini məmnuniyyətlə öz üzərinə götürüb və məharətlə başa çatdıran Buxarest Universitetinin filologiya fakültəsinin rus və slavyan dilləri kafedrasının müdiri, professor Antonneta Olteanuya və kitabı nəşr etmiş "All" nəşriyyatının direktoru Viorel Zlayku kitab vasitəsi ilə ölkəmizin tarixi, mədəniyyəti, adət ənənələri barədə geniş məlumatların rumın oxucuları tərəfindən öz dillərində əldə etmək imkanının yarandığını, Rumıniya ictimaiyyətinin Azərbaycan tarixini bundan sonra daha da yaxşı biləcəklərini və öz xalqının Azərbaycan xalqına hər zaman rəğbətlə yanaşdığını bildiriblər.

Tədbir Azərbaycanın milli mətbəxinin nümunələrindən təşkil edilmiş ziyafətlə başa çatıb.

Tədbir Rumıniya KİV-ində geniş işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti