...

Azərbaycan Budapeştdə kitab sərgi-yarmarkasında iştirak edir (FOTO)

Mədəniyyət Materials 19 Aprel 2013 19:33 (UTC +04:00)
Budapeştdə ənənəvi kitab sərgi-yarmarkası açılıb. Sərgi aprelin 21-dək davam edəcək. Sayca 20-ci olan bu kitab bayramında 20-yə yaxın ölkənin 100-dən artıq nəşriyyatı öz çap məhsullarını nümayiş etdirir.
Azərbaycan Budapeştdə kitab sərgi-yarmarkasında iştirak edir (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Budapeştdə ənənəvi kitab sərgi-yarmarkası açılıb. Sərgi aprelin 21-dək davam edəcək. Sayca 20-ci olan bu kitab bayramında 20-yə yaxın ölkənin 100-dən artıq nəşriyyatı öz çap məhsullarını nümayiş etdirir.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Macarıstan paytaxtının "Millenium" Mədəniyyət Mərkəzində təşkil olunan sərgi-yarmarkanın açılış mərasimində ölkə Prezidenti Yanoş Ader iştirak edib. İştirakçılar qarşısında çıxış edən dövlət başçısı kitabı müasir mərhələdə xalqları və mədəniyyətləri biri-birinə yaxınlaşdıran, milli, irqi, dini ayrı-seçkilikləri aradan qaldırmağa xidmət edən ən qüdrətli vasitə adlandırıb.

Aprelin 18-də Budapeşt sərgi-yarmarkasındakı Azərbaycan guşəsinin açılışı olub. Sərgidə ölkəmizin müxtəlif nəşriyyatlarında çap olunmuş təxminən 200 adda 500-dən çox kitab nümayiş etdirilir. Onların arasında ümumilli lider Heydər Əliyevin əsərləri və ona həsr olunmuş kitablar, klassik və müasir Azərbaycan yazıçılarının əsərləri, respublikamızın tarixi yerlərinə, turist marşrutlarına dair kitab, albom və bukletlər, Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər barədə Azərbaycan və xarici dillərdə ədəbiyyat mühüm yer tutur.

Azərbaycan guşəsinin açılış mərasimində ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, "Azərnəşr" nəşriyyat evinin direktoru Azər Mustafazadə çıxış ediblər. Guşədə səfirlik tərəfindən macar dilində çap olunmuş 10-dan çox kitab da nümayiş etdirilir. Azərbaycan guşəsi özünün gözəl tərtibatı, kitabların çeşidləri və dizaynı ilə sərgiyə gələnlərin böyük marağına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti