...

Heydər Əliyev Fondunun mədəniyyət diplomatiyası Azərbaycanı Fransada tanıtmaqda mühüm rol oynayır (FOTO)

Mədəniyyət Materials 13 May 2013 11:12 (UTC +04:00)
Heydər Əliyev Fondunun mədəniyyət diplomatiyası Azərbaycanı Fransada tanıtmaqda mühüm rol oynayır. Bu sözləri Fransanın Orn departamentindən senator seçilən Natali Qule Heydər Əliyev Fondunun əməli yardımı ilə Fransada bərpa edilən kilsələrdə keçirilən yığıncaqlarda səsləndirmişdir.
Heydər Əliyev Fondunun mədəniyyət diplomatiyası Azərbaycanı Fransada tanıtmaqda mühüm rol oynayır (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

Heydər Əliyev Fondunun mədəniyyət diplomatiyası Azərbaycanı Fransada tanıtmaqda mühüm rol oynayır. Bu sözləri Fransanın Orn departamentindən senator seçilən Natali Qule Heydər Əliyev Fondunun əməli yardımı ilə Fransada bərpa edilən kilsələrdə keçirilən yığıncaqlarda səsləndirmişdir.

AzərTAc Dövlət İnformasiya Agentliyi xəbər verir ki, xanım senator demişdir ki, Fransanın Versal qəsrində iki tarixi abidənin və Strasburqun mərkəzindəki katedralda bərpa işlərinə yaxından yardım göstərən Heydər Əliyev Fondu artıq ölkə ictimaiyyəti tərəfindən yaxşı tanınır və xeyirxah addımları yüksək qiymətləndirilir. Fond Fransada yaddaqalan növbəti humanitar aksiya həyata keçirmişdir. Ölkənin Orn departamentində X-Xll əsrlərin yadigarı olan 7 kilsənin bərpasında yaxından iştirak etmiş, yerli təşkilatlarla birlikdə bərpa işlərinə müəyyən yardım göstərmişdir.
Departamentin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində bərpa işlərinin görüldüyü kilsələrə vurulan Heydər Əliyev Fondu lövhəsinin açılışı mərasimində iştirak etmiş Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, senator Natali Qule və digər qonaqların yerli icra strukturlarının rəhbərləri və sakinlərlə görüşmüşlər.

Sen-İler la Jerar yaşayış qəsəbəsindəki görüş daha yaddaqalan olmuşdur. Üzərində Azərbaycanın və Fransanın bayraqları dalğalanan kilsənin qarşısında qonaqları əllərində hər iki ölkənin və Avropa İttifaqının bayraqlarını tutan kiçik yaşlı uşaqlar qarşılamışlar. İkinci Dünya Müharibəsində həlak olan sakinlərin xatirəsinə ucaldılan abidənin önünə əklil qoyulmuş, Fransanın və Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Yerli rəsmilər rəhbərlik etdikləri qəsəbələr və orada yerləşən kilsələrin tarixi barədə məlumat vermiş, kilsələrin artıq mədəni irsə çevrildiklərini, dili, dini müxtəlif olan xalqların öz mədəniyyətlərini inkişaf etdirmək üçün biri-birlərindən bəhrələnməsinin, köməyə ehtiyacı olan mədəni sahələrə yardım göstərmələrinin vacibliyini vurğulamış, Heydər Əliyev Fondunun Orn departamentinin 7 kilsəsinin fəsadında aparılan bərpa işlərinə yardımı yüksək qiymətləndirmiş, fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkürlərini bildirmişlər.

Görüşlərdə mədəniyyətlərin sərhəd tanımadığını diqqətə çəkən səfir Elçin Əmirbəyov Azərbaycanın Fransa ilə əməkdaşlığa xüsusi önəm verdiyini, iki xalq arasında dostluq əlaqələrinin inkişaf etdiyini, bunun bariz nümunəsi kimi Azərbaycan üçün tarixi məqam olan Leql və Azərbaycanın Naftalan şəhərləri arasında qardaşlaşmaya dair sənədin imzalandığını xüsusi vurğulamış, Heydər Əliyev Fondunun Fransada bir neçə tarixi abidənin bərpasında yaxından iştirak etdiyini xatırlatmış, bəşəriyyətə məxsus abidələrin qorunub saxlanması istiqamətində birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etmiş və yaxın vaxtda Leql şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Azərbaycan günlərinin keçiriləcəyini bildirmişdir.

Senator Natali Qule Azərbaycanın Fransanın yaxın dostu olduğunu, hələ İkinci Dünya Müharibəsində azərbaycanlıların Müqavimət hərəkatında alman faşistlərinə qarşı çiyin-çiyinə vuruşduqlarını, Rodezdə Fransanın azadlığı uğrunda döyüşlərdə həlak olan azərbaycanlıların şərəfinə abidə ucaldıldığını xatırlatmışdır.

Yüksək və çoxşaxəli mədəni dəyərlərə malik Azərbaycanın muğam musiqisinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini xatırladan senator Heydər Əliyev Fondunun mədəniyyət diplomatiyasının Azərbaycanın Fransada tanınmasında mühüm rol oynadığını, bu istiqamətdə daha bir tədbirin həyata keçirildiyini, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Fransanın 13 şəhərində Azərbaycan günləri ilə bağlı sərgi və konsertin təşkil edildiyini bildirmişdir.

Səfir. Elçin Əmirbəyov, senator Natali Qule və merlər bərpa işləri aparılan kilsələrin fəsadlarına vurulan, üzərində fondun emblemi həkk olunmuş və "Heydər Əliyev Fondu" sözləri yazılmış lövhələri açmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti