...

Əbülfəs Qarayev: Virtual dünyada hüquqlarımızın qorunması haqqında düşünməliyik

Mədəniyyət Materials 19 İyun 2013 12:36 (UTC +04:00)
Müasir dövrdə dünyada davamlı inkişaf texnologiyalarla, internet məkanı ilə bağlıdır. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən Ombudsmanların XI beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı deyib.
Əbülfəs Qarayev: Virtual dünyada hüquqlarımızın qorunması haqqında düşünməliyik

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İzzət/

Müasir dövrdə dünyada davamlı inkişaf texnologiyalarla, internet məkanı ilə bağlıdır. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən Ombudsmanların XI beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, davamlı inkişaf haqqında danışarkən, artıq yeni bir situasiyanın yarandığı dərk edilməlidir:

"Texnologiyaların, internetin imkanlarından istifadə etməklə hər hansı mədəni prosesi əks etdirə bilərik. Bir tərəfdən, bu məkan açıqdır və ora daxil olaraq öz mədəni prosesimizi əks etdirə bilərik. Lakin burada çox incə bir xətt var. Bu xətt o birilərinin hüquqlarının tapdalanmaması, onlara hörmətlə yanaşılmasının nəzərə alınmasıdır. Bu sual bizi düşündürməlidir. Bu gün nəinki Azərbaycanda, hətta bütün dünyada bu məkan paralel bir mədəni məkan yaradır. Biz bu gün mədəniyyətdən danışarkən festivalların, konsertlərin, sərgilərin keçirilməsini, teatr tamaşalarının təşkilini nəzərdə tuturuq. Amma artıq bizim daima rastlaşdığımız, öyrəşdiyimiz bu üsullar cəmiyyətin və bəşəriyyətin heç 10-15 faizini də əhatə etmir".

Əbüslfəs Qarayev qeyd edib ki, bu gün gənclərin böyük əksəriyyəti öz mədəniyyətini internet şəbəkəsində görür. Lakin bu şəbəkə vasitəsilə onların prosesləri necə qavramaları, bunun əks-sədasının necə olacağı və ona təsir göstərməyin mümkünlüyü böyük sual doğurur:

"Söhbət hər hansı ayrılıqda götürülmüş dövlətdən getmir. Söhbət ondan gedir ki, biz internetə, virtual məkana daxil olmaqla öz mədəniyyətimizi, insan hüquqlarımızı nə qədər müdafiə edə bilərik? Bu gün hər hansı bir qonşu dövlətin nümayəndəsi internet vasitəsilə istədiyini yaza, Azərbaycan mədəniyyətinə xələl gətirə, təhqir edə bilər. Bunun cavab mexanizmi necə olmalıdır? Bunu cəmiyyət, yoxsa fərdlər etməlidir? Düşünürəm ki, bu gün bizim əsas düşündüklərimiz və aparılan işlərin istiqaməti bu məkanda yaşayan cəmiyyətin mədəni hüquqlarını necə müdafiə edə biləcəyimizə yönəlməlidir. Bu böyük sualdır. Əfsuslar olsun ki, nə mən, nə də bu şəbəkəni yaradan insanların heç özləri bu suala cavab verə bilməzlər. Çünki bu mexanizmlər yoxdur. Müxtəlif ölkələr internetlə bağlı müxtəlif qanunlar tətbiq edir, müdafiə sistemini təkmilləşdirirlər. Amma onlar çox cüzi miqdarda bunu təmin edə bilirlər. Ona görə də insan haqları barədə, davamlı inkişaf haqqında danışarkən ilk öncə yeni məkanda, virtual dünyada öz hüquqlarımızın qorunması haqqında düşünməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti