...

Gəncədə Nigar Rəfibəylinin 100 illik yubileyi keçirilib

Mədəniyyət Materials 28 İyun 2013 20:20 (UTC +04:00)
Gəncədə 20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, tərcüməçi Nigar Rəfibəylinin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib
Gəncədə Nigar Rəfibəylinin 100 illik yubileyi keçirilib

Azərbaycan, Bakı 28 iyun /Trend/

Gəncədə 20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, tərcüməçi Nigar Rəfibəylinin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Trend-in Kəpəz TV-yə istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşəbbüsü və Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Xan Bağında şairənin abidəsi önündə təşkil olunan tədbirə ictimaiyyət nümayəndələri, ziyalılar, ədəbiyyat və incəsənət xadimləri qatılıblar.

Artıq 15-ci dəfədir ki, Nigar Rəfibəylinin ildönümü münasibətilə keçirilən poeziya gecəsində şairənin Azərbaycan milli ədəbiyyatında zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən, vətənə bağlılıq, mənəvi ucalıq və yurdun gözəlliklərinin tərənnümünə aid yaradıcılıq nümunələrindən bəhs edən çıxışlar edilib, şeirlər səsləndirilib. Ona həsr olunan musiqi və rəqs nümunələri nümayiş etdirilib.

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Məmməd Alim: "20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Gəncə torpağının yetirməsi olan Nigar Rəfibəylinin anadan olmasının 100 illiyi qeyd olunur. Nigar Rəfibəyli gözəl ailə xanımı idi, gözəl ana idi, gözəl şair idi, gözəl tərcüməçi idi. Nigar xanım şanlı bir nəslin yadigarı idi".

Yığıncaqda Məhsəti Gəncəvi rübailərini və bir çox dünya ədəbiyyatı nümunələrinin dilimizə tərcüməsində şairənin əvəzolunmaz xidmətlərindən bəhs edilib.

Şairə Xəzangül Hüseynova: "Buraya toplaşanların hamısının qəlbində Nigar Rəfibəyliyə böyük hörmət və böyük məhəbbət hissi var. Mən sevinirəm ki, Nigar Rəfibəyli məhz Gəncə xanımıdır. Bundan qabaq biz Məhsəti Gəncəvinin 900 illiyini keçirmişdik və onun arxasınca da Nigar Rəfibəylinin 100 illik yubileyi. Sanki bunların hər ikisi bizim Gəncədə yaşayıb-yaradan şair qadınların təntənəsi, qabiliyyət himnidir".

Bildirək ki, prezident İlham Əliyev bu ilin mart ayında Nigar Rəfibəylinin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək barədə sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti