...

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan oktyabrda Bakıda konsert vermək arzusundadır

Mədəniyyət Materials 3 İyul 2013 19:55 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin məşhur müğənnisi Ajda Pekkanı qəbul edib.
Türkiyənin məşhur müğənnisi Ajda Pekkan oktyabrda Bakıda konsert vermək arzusundadır

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin məşhur müğənnisi Ajda Pekkanı qəbul edib.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı Ə.Qarayev qonağı salamlayaraq, onu Bakıda görməkdən məmnun olduğunu bildirib. Daha sonra son dövrlər Azərbaycanda mədəniyyətin müxtəlif sahələrinin sürətli inkişafından söz açan nazir, ölkəmizdə mədəniyyətə olan yüksək dövlət qayğısından danışıb. Ə.Qarayev Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hər il ölkəmizdə bir çox beynəlxalq festivalların, böyük mədəniyyət layihələrinin keçirildiyini, həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın birbaşa diqqət və qayğısı nəticəsində Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının, Azərbaycanın tar musiqi alətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına salındığını diqqətə çatdırıb.

Doqquz il öncə Azərbaycanda olduğunu və Bakını çox bəyəndiyini deyən A.Pekkan budəfəki gəlişində əvvəlkinə nisbətən Bakının tanınmaz dərəcədə çox inkişaf etdiyini qeyd edib. Ölkəmizdə teatr və konsert müəssisələrinə, sənət adamlarına göstərilən yüksək dövlət qayğısına heyran olduğunu deyən sənətçi, cari ilin oktyabr ayında Bakıda konsert vermək arzusunda olduğunu bildirib.

Ə.Qarayev isə öz növbəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən konsertlə bağlı lazımi köməyin göstəriləcəyini qeyd edib.

Görüşün sonunda A.Pekkan səmimi qəbula görə Ə.Qarayevə öz minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti