Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/
Azərbaycan kitabları Frankfurt yarmarkasında sərgilənəcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 9-dan 13-dək Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük kitab sərgi-yarmarkası (Frankfurter Buchmesse) keçiriləcək. Bu il 65-ci dəfə gerçəkləşən Frankfurt yarmarkasında Azərbaycan kitabları da nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nazirliyin əməkdaşlarından, "Renessans" və "Şərq-Qərb" nəşriyyatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti bu il ölkəmizi dünyanın bu nüfuzlu kitab sərgisində artıq altıncı dəfə təmsil edəcəklər.
Ötən illərdən fərqli olaraq, bu il Azərbaycanın icarəyə götürdüyü stend daha geniş olacaq. Azərbaycan kitabları Frankfurter Buchmesse sərgi şəhərciyində 48 kvadrat metr sahədə gözəl tərtibatlı stenddə nümayiş olunacaq. Qız qalasının fiquru və qala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alacaq.
Azərbaycan guşəsində nəzərdə tutulan əsas tədbirlərdən biri də oktyabrın 12-də ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş mərasim olacaq. Tədbirə Hessen əyaləti Məclisinin deputatları, alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diasporlarının təmsilçiləri dəvət olunublar. Sərgi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan, ümummilli liderə həsr edilmiş "Heydər Əliyev adına" kitab-albomun təqdimatı da keçiriləcək.
Ümumilikdə Azərbaycan stendində ziyarətçilərə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim ediləcək.
Qedy edək ki, Frankfurt kitab yarmarkası 1949-cu ildən bəri ənənəvi olaraq keçirilir. Bu kitab sərgisinin tarixi bir neçə əsr öncəyə gedib çıxır. Belə ki, XV əsrdə Frankfurtun yaxınlığındakı Mayns şəhərində yaşayan Yohann Quttenberqin mexaniki çap üsulunu kəşf etməsindən sonra kitab ticarəti inkişaf etməyə başlayıb və ilk yarmarkalar keçirilib. XVII əsrin sonlarında Frankfurt yarmarkası Avropanın ən əhəmiyyətli kitab satış sərgisi hesab edilirdi. Sonralar Leypsiq yarmarkası onu kölgədə qoysa da, II Dünya müharibəsindən sonra, 1949-cu ildə Frankfurtda kitab yarmarkası yenidən təşkil olunaraq əvvəlki şöhrətinə qovuşub və hər il oktyabrın ortalarında burada dünya kitabları sərgilənir. Bu il isə yarmarkada 100-dən çox ölkədən 7400-dək nəşriyyat və poliqrafiya şirkətinin məhsulları sərgilənəcək. Ənənəyə görə, hər sərgidə ölkələrdən biri fəxri qonaq qismində iştirak edir. Builki sərginin fəxri qonağı Braziliya olacaq.