...

Bakıda 4-cü Avropa Film Festivalının açılışı olub

Mədəniyyət Materials 30 Oktyabr 2013 18:44 (UTC +04:00)
Bu gün Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, quruma üzv dövlətlərin ölkəmizdəki səfirlikləri və "Park Cinema" şəbəkə kinoteatrlarının birgə təşkili ilə 4-cü Avropa Film Festivalının açılışı olub.
Bakıda 4-cü Avropa Film Festivalının açılışı olub

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir S.Əhmədova/

Bu gün Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, quruma üzv dövlətlərin ölkəmizdəki səfirlikləri və "Park Cinema" şəbəkə kinoteatrlarının birgə təşkili ilə 4-cü Avropa Film Festivalının açılışı olub.

Trend-in məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts çıxış edərək bildirib ki, bu festival Aİ ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir: "Bu festival Avropa İttifaqına üzv dövlətlərin öz tarixi, mədəniyyəti və adət-ənənələrini Azərbaycanın geniş kütləsinə nümayiş etdirməsi üçün bir şansdır".

Tədbirdə "Park Cinema"nın direktoru Namiq Quliyev, "Antibə bir tərəfə bilet" filminin rejisoru Riçard Hobert də iştirak edib.

N.Quliyev bildirib ki, 3-cü Avropa Film Festivalı çərçivəsində nümayiş olunan filmləri kinoteatrda 4000-ə yaxın tamaşaçı izləyib. Builki festivalda isə 5500-6000 tamaşaçı gözlənilir.

Festival zamanı Aİ-yə üzv olan 17 ölkənin və Azərbaycan filmləri nümayiş etdiriləcək, bu filmlər barədə ekspertlər və maraqlanan tamaşaçılar arasında dialoq aparılacaq.

2013-cü ilin Avropa Film Festivalının proqramına 17 Avropa filmi (Avstriya, Belçika, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq) və bir Azərbaycan filminin nümayişi daxildir.

Qeyd edək ki, Avropa Film festivalları Aİ-nın Azərbaycandakı nümayəndəliyi tərəfindən hər il Azərbaycanda təşkil olunur. Məqsəd Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri qurmaq və onları inkişaf etdirmək, beləliklə, Avropa dəyərləri haqqında olan anlayışı daha da artırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti