...

Bütün varlığın qürur hissi ilə döyünən Gəncə (FOTO)

Mədəniyyət Materials 14 Aprel 2014 12:21 (UTC +04:00)
Bakıdan Gəncəyə gəlirdim. Yol boyu keçdiyim yolları müşahidə edirdim. Sükutla qol-boyun olub keçdiyim hər mənzərənin tarixi ilə danışırdım.
Bütün varlığın qürur hissi ilə döyünən Gəncə (FOTO)

Xəzangül Hüseynova - Azərbaycan Yazıçılar Birliyinin üzvü

Bakıdan Gəncəyə gəlirdim. Yol boyu keçdiyim yolları müşahidə edirdim. Sükutla qol-boyun olub keçdiyim hər mənzərənin tarixi ilə danışırdım. Belə daxili söhbət etməyi sevirdim. Dünyanın sirli-soraqlı, nəhayətsiz fəlsəfəsinə baş əyib, bu fəlsəfi düşüncələr arenasında böyük zövqlə vurnuxurdum. Birdən məni ətirli rayihə dolu mehin təması düşüncələr aləmindən ayırdı. Bu doğma, ilıq təmasın haradan gəldiyini ayırd etmək istəyəndə Ulu Gəncənin sferasında olduğumu gördüm. Qəlbimdə elə böyük məhəbbət hissi baş qaldırdı ki, mən bu böyük hissin sözlə ifadəsini tapa bilmirəm. Bütün fikirlərim bir-birini itələyərək beynimdən çıxıb öz yerini Gəncə haqqında məhəbbət simvollu ilahi duyğulara verdi.

Gəncəyə yaxınlaşdıqca elə bil Gəncə öz ana qollarını mənə uzadıb, məni öz isti qucağının ağuşunda əzizləyirdi. Sanki Tanrı sevgisi ilə süslənmiş Gəncə öz ilahi məni ilə insanın iç dünyasına daxil olub, özünün seçilmiş şəhər kimi missiyasından söhbət edir, insanın qəlbinə qürurlu əzəməti, qocaman varlığı ilə nüfuz edirdi. Şeyx Nizami məqbərəsi öz şahanə duruşu ilə Gəncəyə gələnləri salamlayır, özünün 870 illik tarixi, bütün dünyanı heyrətdə qoyan mənəvi dünyasının möcüzəsi ilə insana qeyri-adi hisslər aşılayırdı. Sanki dil açıb deyirdi, baxın, mən gəncəli Nizamiyəm, əbədiyyətin əbədi zirvəsi olan NİZAMİyəm.

Ey NİZAMİ nizamı!
Söz Tanrısı, söz şamı.
Ey GƏNCƏ EHTİŞAMI!
Ölüb qalaydım burda,
Qulun olaydım burda.

Misraları ilə ürəyimin ona olan sevgisini bəyan edirdim. Kaş öləndə mənə bu yerdə basdırılmaq qismət olaydı. Məmnuniyyətlə ruhuna ruhumla qulluqçuluq edərdim. Nizami məqbərəsində görülən abadlıq işləri, onun "Xəmsə"sinin yol boyu yüksək zövqlə tərtibi və təbliği, "Nizami şəhərciyi"nin arxitekturası, ona olan böyük hörmət və məhəbbətin inikası qəlbimi minnətdarlıq duyğuları ilə doldurdu. İstər-istəməz bu yolda zəhmət çəkənə, sərəncam verənə ürəyində yüz dəfə "sağ ol!" deyirsən. Gəncə üçün edilən fədakarlıqlar göz önünə gəlir. Bilmirsən hansı tərəfə baxasan, hansı gözəlliyin nəğməsini oxuyasan. Cəmi üç ildə bu boyda xaruqələr yaradana, yüksək zövqlə, ürək odu ilə görülən abadlıq işlərinə görə Azərbaycan Prezidentinə, onun sadiq icraçısına minnətdarlıq duyğuları ilə təşəkkürə dönürsən.

Ulu Heydərin adını daşıyan möhtəşəm arxitekturalı saray, onun ətrafındakı bütün gözəlliyin təcəssümü Heydər bağı, süslənmiş gəlinə bənzəyən süni göl, gölü bəzəyən qu quşları səni əsrarəngiz nağıllar aləminə aparır. Ürəyin, bütün varlığın qürur hissi ilə döyünür:-bəli, bu mənim şəhərim Ulu Gəncədir. Cavad xan küçəsində yaradılmış, milli naxışlarla bəzədilmiş ticarət mərkəzi, Gəncə çayı boyunca bir-birindən yaraşıqlı Məhsəti Mərkəzinin binası, Uşaq Birliyinin binası və s.

Gəncədə görülən işləri saymaq üçün nağıllarda deyildiyi kimi, gərək 40 gün, 40 gecə sadalamaqla məşğul olasan. Hələ Gəncənin mənəvi dünyasının, ulu tarixinin yaddaşlara yenidən həkk edilməsində görülən işlər insan qüvvəsinin nəyə qadir olduğunun real ifadəsidir. Böyük Nizami Gəncəvinin 870 illiyi, Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyi, Mirzə Şəfi Vazehin 220 illiyinin dünya üzrə keçirilməsinə nail olmaq qəhrəmanlığın, fədakarlığın ən yüksək nöqtəsidir. Alqış belə vətənpərvərliyə!

Gəncənin haradasa qədim tarixinin yarıbayarı azaldılması narahatlıq doğururdu. Məntiqlə düşünəndə Gəncənin daha qədimlərdən gələn sədası onun yaşının daha çox olduğunu söyləyirdi. Bunun üçün də Vətən oğulları cidd-cəhdlə araşdırmalar aparılmasını tələb etdilər. ABŞ-ın, Misirin alimlərinin kimyəvi analizləri nəticəsində Gəncənin 4 min illik tarixinin olması sübut edildi. Bu həqiqətin ortaya çıxmasında fədakarlıq göstərənlərə eşq olsun!

Zaman keçəcək, gələcəkdə Gəncə haqqında araşdırmalar aparan insanlar bütün bu fədakarlıqla dolu missiyanı yerinə yetirənlər haqqında qəhrəmanlıq epopeyası yaradacaqlar. Bu qəhrəmanlıq epopeyasına Ulu Gəncə salamı...

4 min illik yaşlı Gəncəm.
Tale üzünə güldü, a Gəncəm!
Dünya yaşını bildi, a Gəncəm!
Uydurulmuş tarixini
Sildi üstündən sildi, a Gəncəm!
Gəldi həqiqətin, gerçəyin gəldi,
Öldü, bədxahların öldü.
İndi budur, bütün dünya
Bayram edir 4 min illik yaşını,
4 min illik yaddaşını,
Tarixlərə həkk eyləyir.
Səni dünya zirvəsində pik eyləyir,
Tək eyləyir.
4 min ildir yol gəlirsən,
Bu yolları yora-yora,
Sən dönmüsən,
Kəpəz adlı bir vüqara.
Göy üzünün ətasından
Göy adlanan gölün oldu.
Dağın oldu, düzün oldu, çölün oldu,
Şan-şöhrətli ilin oldu.
Zamanlara əl eyləyən əlin oldu,
Heyrət adlı elin oldu.
Başın üstə tüğyan edən
Qasırğalar ötürmüsən.
Sən dünyaya Nizamini,
Məhsətini gətirmisən.
Korifeylər məkanısan,
Zaman adlı bir maşının sükanısan.
Ərənlərin ər olublar,
Yerə, Göyə car olublar.
Tarix boyu uca tutdun başını,
Qorudular torpağını, daşını.
Candan keçdi Cavad xanın,
Göy üzünə bülənd oldu adın, sanın.
Tacın, taxtın olub, a Gəncəm!
Oğul baxtın olub, a Gəncəm!
Oğullardan yarıyıbsan a Gəncəm!
4 min illik yaşınla qarıyıbsan, a Gəncəm!
İndi yenə oğul əliylə
Abad olursan, a Gəncəm!
Gülşad olursan, a Gəncəm!
4 min illik yaşın mübarək!
Torpağın, daşın mübarək!

Xəzangül

Məqalədə:
Xəbər lenti

Xəbər lenti