Türkmənistan, Aşqabad, 16 may /Trend, müxbir H.Həsənov/
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Aşqabada səfəri çərçivəsində Türkmənistan və Azərbaycan mədəniyyət və turizm sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Türkmənistan hökumətinin cümə günü yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, Türkmənistan Prezidenti Qurbanqulı Berdıməhəmmədov Ə.Qarayevlə görüşü zamanı deyib ki, Türkmənistan və Azərbaycan xalqlarını ümumi tarixi köklər, mədəni əlaqələr və əxlaqi-mənəvi dəyərlər birləşdirir: "Dövlət başçısı qeyd edib ki, Türkmənistan bundan sonra mədəni-humanitar sahədə mehribanlıq və əməkdaşlıq ənənələrinin artırılmasına yönəldilmiş səyləri və ümumi zəngin mənəvi irsin populyarlaşması və öyrənilməsini davam etdirəcək".
Görüş zamanı hər iki ölkədə Türkmənistan və Azərbaycanın Mədəniyyət günlərinin keçirilməsi məsələsi də müzakirə edilib.
Azərbaycanın nümayəndə heyəti böyük şair və mütəfəkkir Məxtimqulu Fəraqinin 290 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Aşqabada səfər edib.