...

Vaqif Səmədoğlu vəfat edib

Mədəniyyət Materials 28 Yanvar 2015 12:13 (UTC +04:00)
Azərbaycanın Xalq şairi, sabiq millət vəkili Vaqif Səmədoğlu vəfat edib.
Vaqif Səmədoğlu vəfat edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Azərbaycanın Xalq şairi, sabiq millət vəkili Vaqif Səmədoğlu vəfat edib.

Trend xəbər verir ki, Xalq şairi uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.

Mərhumla vida mərasimi sabah saat 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Şair, dramaturq, publisist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000- 2005), "Nəsimi" mükafatı laureatı (2014) Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışıb (1992-1994).

2000-ci ildə Azərbaycanın Milli Məclisinə deputat seçilib.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti