...

Öz yolunu, cığırını qoyub gedən Vaqifimiz (ƏLAVƏ OLUNUB) (FOTO)

Mədəniyyət Materials 29 Yanvar 2015 14:02 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi keçirilir.
Öz yolunu, cığırını qoyub gedən Vaqifimiz (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Vüqar İmanov/

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın Xalq şairi Söhrab Tahir Vaqif Səmədoğlu barədə danışaraq bildirib ki, onun ölümü çox ağır itkidir: "Sıralarımızdan böyük bir şair getdi. O, tez getdi, hələ 20 il də yaşaya bilərdi. Vaqif böyük Səməd Vurğunun oğlu olsa da, onun öz yolu, öz cığırı oldu".

Xalq şairi ilə vida mərasimində qohumları, tanınmış ictimai-siyasi xadimlər, bir çox yazıçılar, şairlər, aktyorlar iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında deyib ki, V.Səmədoğlunun ölümü Azərbaycan ədəbiyyatı üçün böyük itkidir: "Səməd Vurğun ailəsi sonbeşiyini, Azərbaycan ədəbiyyatı böyük şairini, mən dostumu itirdim. Vaqif ölümdən yazsa da, həyatı çox sevirdi. O, bizə kişi kimi yaşamağı, ölümü kişi kimi qarşılamağı öyrətdi".

Dövlət müşaviri Kamal Abdulla isə çıxışında bildirib ki, V.Səmədoğlunun ölümü ədəbiyyatın böyük itkisidir. K.Abdulla deyib ki, onun qədər daxilən azad adam tapmaq çətin məsələdir: "Onun həyat sevgisi, təbəssümü hər kəsin qəlbində yaşayacaq. Vaqif Səmədoğlu öz həyat fəlsəfəsi, öz həyat baxışı olan insan idi".

Şair I Fəxri Xiyabanda atası, xalq şairi Səməd Vurğunun məzarı yaxınlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) 2015-ci il yanvarın 28-də ömrünün 76-cı ilində vəfat edib.

Vaqif Səmədoğlu 1939-cu il iyun ayının 5-də Bakı şəhərində anadan olub. O, 1956-cı ildə Bülbül adına musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil alıb, sonralar Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti