...

"Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?" - Gəncə şairləri Vaqif Səmədoğlunu andılar

Mədəniyyət Materials 2 Fevral 2015 17:57 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsi “Nizami ədəbi məclisi” növbəti görüşünü — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr etdi.
"Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?" - Gəncə şairləri Vaqif Səmədoğlunu andılar

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsi "Nizami ədəbi məclisi" növbəti görüşünü - şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr etdi.

Trend-in məlumatına görə, bir dəqiqəlik sükutdan sonra birliyin sədri - şairə Xəzangül Hüseynova Vaqif Səmədoğlunun yaradıcılığı barədə geniş məlumat verdi. Onun sözlərinə görə, V.Səmədoğlunun ölümü Azərbaycan ədəbiyyatı üçün böyük itkidir. Vaqif Səmədoğlu sevgi şairi idi, Vətən şairi idi. Onun yaradıcılığı olduqca zəngin idi. O Azərbaycan ədəbiyyatı üçün böyük məktəb yaratdı" Şairə Xəzangül çıxışını mərhum şairin aşağıdakı misraları ilə sona yetirdi:

Allah, Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah, Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

Bundan sonra söz AYB Gəncə bölməsinin məsləhətçisi şair-yazıçı Aləmzər Əlizadəyə verildi. Vaqif Səmədoğlunun vəfatının Azərbaycan ədəbiyyatı üçün böyük itki olduğunu qeyd edən natiq, ədibin yaradıcılığı ilə yanaşı, gələcək nəsillərə örnək ola biləcək həyat yolundan da söz açdı. Yazıçı Ümbülbanu xanım, şair İnqilab İsaq, Ramiz Təmkin, İradə Aytel Vaqif Səmədoğlunun şeirlərindən nümunələr gətirərərək, o böyük şəxsiyyəti bir daha yad etdi.
Gəncəbasar Bəstəkarlar Birliyinin sədri Məmməd Cəfərin kamançasının səsi duyğulu məclisi həzin notlar üstündə köklədi.

Məclisin ikinci hissəsi şairlərin - Elvin Mustafayevin, Gülnarə Sadiqin, Qiyas Cilovdarlının, Səadət xanımın yaradıcılığından nümunələr və onların müzakirəsi ilə sona yetdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti