...

Gəncədə "Nigar poeziya günü" keçirilib (FOTO)

Mədəniyyət Materials 25 İyun 2015 11:29 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin təşkilatçılığı ilə Nigar Rəfibəylinin adını daşıyan 43 saylı tam orta məktəbdə Nigar poeziya günü keçirilib.
Gəncədə "Nigar poeziya günü" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin təşkilatçılığı ilə Nigar Rəfibəylinin adını daşıyan 43 saylı tam orta məktəbdə "Nigar poeziya günü" keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günay Əliyeva Nigar Rəfibəyli poeziyası haqqında məlumat vermək üçün sözü AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynovaya verdi.

Xəzangül Hüseynova çıxışında inqilablar beşiyi olan Gəncənin ünlü nəsillərindən olan Rəfibəylilərdən, onların represiyalara düçar olmasından, Nigar Rəfibəylinin keçdiyi əzablı, keşməkeşli, lakin çox şərəfli həyat yolundan danışdı.

Məktəbin dil-ədəbiyyat müəllimi Vəfa Cəfərova Nigar Rəfibəyli poeziyasının rəngarəngliyi, tərcümə sahəsində fəaliyyəti barədə geniş məlumat verdi. Sonra jurnalist Fazil Kazımov Rəfibəylilər nəslinin Azərbaycan xalqı qarşısında olan müstəsna xidmətlərini ön plana çəkdi.

Şair və yazıçılardan Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Sahib İbrahimli, Ramiz Təmkin, Nadir Ovçu və başqaları Nigar Rəfibəyli barədə öz ürək sözlərini dedilər və ona həsr etdikləri şeirlərini oxudular. Sonda məktəbin şagirdlərindən Nəzrin İsmayılova, Nurtac Süleymanova, Suqra Həsənova, Zöhrə Nəzərova, Aysu Ələsgərli, Aysel Məmmədova, Ruhəngiz Allahverdiyeva, Enes Vəliyeva, Səbinə İsgəndərova və Aysun Məmmədova Nigar Rəfibəylinin şerlərindən ibarət maraqlı kompazisya ilə çıxış etdilər.


Sonra tədbir Xan bağında Nigar Rəfibəylinin heykəli önündə davam etdirildi. Tədbiri giriş sözü ilə açan AYB-nin Gəncə bölməsinin sədri Xəzangül Nigar Rəfibəylinin həyat və yaradıcılığı barədə geniş məlumat verdi. Sonra şair və yazıçılardan Nüşabə Əsəd Məmmədli, Aləmzər Əlizadə, Samirə Səma, Sahib İbrahimli, Rəhim Qurbani, Ramiz Təmkin, Fazil Kazımov, Solmaz Şəms, Zinyət Zəki, Aytac Məmmədova, Ceyhunə Mehmanqızı, Almaz Yusifqızı və başqaları Nigar Rəfibəyliyə həsr etdikləri şeirlərini oxudular.

Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbin şagirdi Aysu Ələsgərlinin ifa etdiyi şairin "Neyləyim" şeiri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Hər iki tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Turizm və Mədəniyyət Nazirliyinin Gəncə filialının nümayəndələri iştirak etmişlər. Tədbirin sonunda çox yüksək səviyyədə keçirilən Nigar poeziya gününün bütün iştirakçılarına Xəzangül xanım öz dərin təşəkkürünü bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti