...

Gəncə yazarlarından Bəxtiyar Vahabzadə yaradıcılığına ehtiram

Mədəniyyət Materials 13 Oktyabr 2015 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşkilatçılığı ilə xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri AYB Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova açaraq böyük şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Xəzangül Hüseynova deyib ki, Bəxtiyar Vahabzadə bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb.

Onun sözlərinə görə, Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub: "Bəxtiyar Vahabzadə birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovet İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirib".

Sonra çıxış edən şair Aləmzər Əlizadəyə qeyd edib ki, Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublkamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə Sovet birliyinə daxil olan bir çox xalqların dillərinə tərcümə edilib və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanıb.

Yazıçı və şairlərdən Qərib Mehdi, İnqilab İsaq, Ramiz Təmkin, Mikayıl Yanar, Ümbülbanu, Oqtay Abdulla, Nadir Ovçu, Səadət Ələkbərova, Həsənalı Abbaslı, Gülnarə Sadiq, Məhəmməd Hacıyev və başqaları B.Vahabzadə haqqında fikirlərini bildirdilər, şairin əsərlərindən nümunələr söylədilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti