Bakı. Trend:
Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəzdində fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin yeni üzvlərinin ilk toplantısına hazırlıq gedir.
AYB-dən Trend-ə verilən məlumata görə, toplantı yanvarın 22-də keçiriləcək. Bundan sonra Gənc Ədiblər Məktəbi 3-cü fəaliyyət dönəminə qədəm qoyacaq.
Əvvəlki müdavimlərin bir hissəsi AYB-yə üzv olub, gənc yazıçılar üçün nəzərdə tutulan təqaüdə layiq görülüb. Bu dəfə Gənc Ədiblər Məktəbinə də maraq xeyli böyükdür. Artıq 50-yə yaxın gənc məktəbin toplantılarında iştirak üçün müraciət edib.
"Gənc Ədiblər Məktəbi-3"ün ilk toplantısı yanvarın 22-də saat 14:00-da AYB-nin Natəvan klubunda keçiriləcək.
Məktəbin rəhbəri AYB-nin katibi Rəşad Məcid, yeni dönəmdəki koordinatoru gənc yazar Müşfiq Şükürlüdür.
Məktəbin fəaliyyətində iştirak etmək istəyən yaradıcı gənclər toplantıya dəvətlidir.