...

50-dək ölkənin rəhbəri BMT-nin Bakıdakı Forumuna dəvət edilib (FOTO)

Mədəniyyət Materials 27 Yanvar 2016 17:49 (UTC +04:00)
Bu gün Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının (BMTSA) aprel ayında Bakıda keçiriləcək 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin 2-ci iclası keçirilib.
50-dək ölkənin rəhbəri BMT-nin Bakıdakı Forumuna dəvət edilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının (BMTSA) aprel ayında Bakıda keçiriləcək 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin 2-ci iclası keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansı ilə ikitərəfli sənədlər təsdiq olunub və qüvvəyə minib. Artıq Forumun loqotipi təsdiqlənib və veb-saytı istifadəyə verilib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına dair iclasında sivilizasiyalar və mədəniyyətlərarası dialoq məsələlərinə, xüsusilə də Forumun əhəmiyyətinə toxunub və tədbirin Bakıda keçirilməsini əsas gətirərək 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd olunub ki, ötən il oktyabrın 1-də BMT Baş Assambleyasının toplantıları çərçivəsində Bakı Forumunun təqdimatı keçirilib və Təşkilat Komitəsinin katibi, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə bu iclasda iştirak edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Foruma hazırlığın vəziyyəti barədə məlumat verib.

Ə.Qarayev 50-dək ölkənin rəhbərinə dəvətnamə göndəriləcəyini bildirib. Qeyd edib ki, Forumda yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı nəzərdə tutulur. İki gün ərzində 40 tədbir keçiriləcək və bunun üçün lazımi şərait yaradılıb.

Nazir deyib ki, Forum çərçivəsində aprelin 25-də gənclərlə bağlı tədbirdə BTM-nin baş katibi Pan Gi Munun da iştirak etməsi gözlənilir. Vurğulanıb ki, beynəlxalq ekspertlər tərəfindən xüsusi kitab hazırlanacaq və nəşrdə Forum haqqında dünyanın tanınmış xadimlərinin fikir və rəyləri yer alacaq.

Sonra Forumun Təşkilat Komitəsinin katibi V.Eyvazzadə beynəlxalq tədbir barədə məlumat verib. "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi ilə keçiriləcək Forumla bağlı indiyədək təşkil edilmiş tədbirlər və Forumun proqramına dair slayd nümayiş olunub. Bildirilib ki, tədbir iştirakçıları baku.unaoc.org saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Fevralın 20-də isə BMT nümayəndə heyətinin Bakıya səfəri nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, Forumun iclasları Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti