...

Qarabağ atının izi ilə Böyük Britaniyadan Azərbaycana qədər (FOTO)

Mədəniyyət Materials 16 Aprel 2016 10:38 (UTC +04:00)
Ötən gün Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə BP Azərbaycan, “Azərbaycanfilm” kinostudiyası və STUDIO TOR 1 Filmproduktion (Berlin, Almaniya) studiyasının birgə ekranlaşdırdığı “Sarılar - Qarabağ atının izi ilə” adlı yeni sənədli filmin təqdimatı olub.
Qarabağ atının izi ilə Böyük Britaniyadan Azərbaycana qədər (FOTO)

Bakı. Trend:

Ötən gün Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə BP Azərbaycan, "Azərbaycanfilm" kinostudiyası və STUDIO TOR 1 Filmproduktion (Berlin, Almaniya) studiyasının birgə ekranlaşdırdığı "Sarılar - Qarabağ atının izi ilə" adlı yeni sənədli filmin təqdimatı olub.

Trend-in məlumatına görə, çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan "Sarılar - Qarabağ atının izi ilə" sənədli filminin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir. Rejissor Villi Neumann bildirib ki, 2012-ci ildə Azərbaycanı və bölgələrini gəzərkən burada milli çövkən atüstü oyununu izlədikdən sonra bu mövzuda film çəkməyə qərar verib: "Burada gördüklərim məndə böyük maraq doğurdu. Bu atüstü oyun, onun yaratdığı xoş duyğular məni belə bir ekran əsərinin çəkilməsinə sövq etdi. Ölkəmə qayıtdıqdan sonra bu oyunla, eləcə də Qarabağ atları ilə ciddi maraqlanmağa başladım. Nəticədə belə bir film ərsəyə gəldi".

V.Neumann deyib ki, yaxın gələcəkdə filmin alman dilində yüksək səviyyədə səsləndirilməsi təmin ediləcək və ekran əsərinin Almaniyada təqdimatı keçiriləcək.

Film təqdimatından öncə Qarabağ uğrunda döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün yaradıcı heyətə minnətdarlığını bildirərək vurğulayıb ki, bu olduqca mühüm layihədir. Nazir yaxın gələcəkdə bu istiqamətdə layihələrin davamlı olacağına inamını ifadə edib.

Sonra film təqdim olunub. Azərbaycan dilində səsləndirilən bu film ingilis dilində subtitrlərlə təqdim olunub.

Filmdə vurğulanır ki, Qarabağ atları dünyada sonuncu təmiz qanlı at cinslərində biridir. Azərbaycandakı "qızıl at" haqqında hekayələrdən ruhlanan tələbə Pauli Qarabağ atını görmək üçün Avropadan uzun və maraqlı bir səyahətə yola düşür. O, yolda macəra axtaranlar, rəssamlar, alimlər və atçı mütəxəssislərlə tanış olur...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti