Bakı. Trend:
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Türkiyəyə yollanıb.
Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bursa şəhərinin Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Teatr Festivalında kollektiv xalq yazıçısı Elçin Əfəndiyevin "Teleskop" pyesi əsasında hazırlanan eyniadlı, iki hissəli tragikomediyası ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Rusiyanın xalq artisti Eduard Koçerqin, geyim rəssamı Anna Koçerqina, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayevadır.
Səhnə əsərində xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Füzuli Hüseynov, Kazım Abdullayev, Əjdər Həmidov, Sabir Məmmədov, Elxan Quliyev, Hicran Nəsirova, Aslan Şirinov, Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı, aktyorlar Vüsal Mustafayev, Elnar Qarayev, İlahə Həsənova, Dilarə Nəzərova, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Rada Nəsibova, Elnur Qədirov, Məhsəti Tahirzadə və Şəhla İsmayılova çıxış edir.
Kollektiv "Teleskop" tamaşasını aprelin 19-u və 20-də nümayiş etdirəcək. Tamaşa ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsində 2011-ci il mayın 11-də oynanılıb.
Qeyd edək ki, "Yaşasın teatr, yaşasın sülh" devizi altında keçirilən Bursa Beynəlxalq Teatr Festivalı Türkiyənin ən nüfuzlu festivallarından biri hesab olunur. Hər il dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Gürcüstan, Polşa, Estoniya və başqa ölkələrdən teatr kollektivləri festivalda iştirak edir.