...

Kamilla Hüseynova "Şəhrizad"la vida deyəcək (FOTO)

Mədəniyyət Materials 3 May 2016 15:54 (UTC +04:00)
Kamilla Hüseynova mayın 11-də N.Rimski-Korsakovun “Şəhrizad” baletinin tamaşasında Zübeydə rolunda sonuncu dəfə səhnəyə çıxacaq.
Kamilla Hüseynova "Şəhrizad"la vida deyəcək (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Milli balet sənətimizin yeni nəslinin istedadlı nümayəndəsi, Azərbaycanın xalq artisti, Prezidentin fəxri mükafatçısı, "Qızıl dərviş" və "Zirvə" mükafatlarının laureatı Kamilla Hüseynova mayın 11-də N.Rimski-Korsakovun "Şəhrizad" baletinin tamaşasında Zübeydə rolunda sonuncu dəfə səhnəyə çıxacaq.

Opera və Balet Teatrının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1996-cı ildə Bakı Xoreoqrafiya Məktəbinin məzunu kimi Opera və Balet Teatrının balet truppasına qəbul edilən Kamilla 20 il ərzində truppanın aparıcı solisti olaraq onun yükünü çiyinlərində daşıyıb, repertuarda olan bütün milli və klassik tamaşalarda əsas partiyaları yüksək ustalıqla ifa edib. Azərbaycanlı baletsevərlərlə yanaşı, onun çıxışlarını bir sıra xarici ölkələrin teatr səhnələrində - Rusiya Akademik Böyük Teatrı (Moskva), Mariinski adına Opera və Balet Teatrı (Sankt-Peterburq), İstanbul və Ankara, Paris və Strasburq, Belarus Akademik Böyük Opera və Balet Teatrı (Minsk), Baltikyanı və çexiyalı tamaşaçılar heyranlıqla izləyib və alqışlayıblar.

Kamillanın yüksək peşəkarlıq, artistizm, ehtiras və məhəbbətlə yaratdığı Şəhrizad ("Min bir gecə"), Gözəllər gözəli ("Yeddi gözəl"), Tomris ("Rast"), Baycan ("Eşq və Ölüm"), Zübeydə ("Şəhrizad"), Gülyanaq ("Qız qalası"), Leyli ("Leyli və Məcnun" - Q.Qarayev) və onlarla başqa obrazlar iki onillik ərzində onun tamaşaçılarına böyük zövq verib.

K.Hüseynova bir çox illər ərzində Opera və Balet Teatrında səhnəyə qoyulan tamaşaların əsl yaraşığı olub, onun sənətinin vurğunu olan çoxsaylı tamaşaçılar istedadlı balet ulduzunun ifasını seyr etmək üçün tamaşalara gəliblər.

Sənətinin əsl zirvəsində olan K.Hüseynova artıq estafeti öz gənc həmkarlarına verməyə, səhnə ilə vidalaşmağa hazırlaşsa da, Teatrdan uzaqlaşmayacaq. O hazırda Teatrın balet truppasının, eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifələrində çalışır və bütün fəaliyyəti Azərbaycan milli baletinin yaçaması və inkişafına yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti