...

Efiopiyalı nazir: Azərbaycanla mədəni əlaqələrin inkişaf etdirilməsi vacibdir (FOTO)

Mədəniyyət Materials 16 May 2016 15:38 (UTC +04:00)

Bakı. Trend:

Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Meaze Qebremedhinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olub.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət görüşdə Azərbaycan teatrının tarixi, ənənələri haqqında məlumat verib, bildirib ki, rəhbərlik etdiyi mədəniyyət müəssisəsi ölkənin ən böyük teatrıdır.

A.P.Nemət qeyd edib ki, Azərbaycan teatrının bir çox ölkələrlə əməkdaşlığı mövcuddur, qarşılıqlı qastrollar təşkil olunur: "Mədəniyyətlərin dostluğu, əməkdaşlığı çox vacib amildir. Bizim bir çox ölkələrlə mədəni əlaqələrimiz var, teatr sahəsində əməkdaşlığımız mövcuddur. Xüsusən müsəlman ölkələri ilə yaradıcı sahədə əməkdaşlığımız daha sıxdır. İstərdik ki, Efiopiya ilə də bu əlaqələrimiz qurulsun, inkişaf etsin. Çünki sizin təmsil etdiyiniz ölkə qədim mədəniyyətə malik ölkədir".

Teatr direktoru Akademik Milli Dram Teatrının təmir olunaraq ən müasir texniki təchizatla tamaşaçıların ixtiyarına verilməsini Azərbaycan dövlətinin mədəniyyətə, teatra qayğısı kimi dəyərləndirib və əlavə edib ki, hazırda teatrda muzey, studiya, kitabxana və s. fəaliyyət göstərir.

Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri M.Qebremedhin səmimi qəbul görə minnətdarlığını bildirib və vurğulayıb ki, Bakıda olduqları müddətdə bir sıra mədəniyyət müəssisələri ilə tanış olublar: "Azərbaycan xalqının səmimi münasibəti və qonaqpərvərliyi ilə daha yaxından tanış olduq. Bir neçə gündür Bakıdayıq və müxtəlif mədəniyyət müəssisələri ilə tanış olmuşuq. Bu sırada ölkənin ən böyük teatrının olmasından məmnunuq. Biz də hesab edirik ki, iki ölkə arasında mədəni əlaqələr, teatr sahəsində əməkdaşlığın qurulması, inkişaf etdirilməsi vacibdir".

Görüşdə efiopiyalı nazir iki dövlət arasında mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığın inkişafına inam ifadə edib.

Daha sonra nümayəndə heyətinin üzvləri Akademik Milli Dram Teatrı ilə yaxından tanış olub, repertuarda olan "Şah Qacar" tamaşasına baxıb və fikir mübadiləsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti