...

Azərbaycan İstanbuldakı beynəlxalq kitab sərgisində təmsil olunur (FOTO)

Mədəniyyət Materials 14 Noyabr 2016 12:18 (UTC +04:00)
İstanbulda 35-ci beynəlxalq kitab sərgi-yarmarkası açılıb.
Azərbaycan İstanbuldakı beynəlxalq kitab sərgisində təmsil olunur (FOTO)

Bakı. Trend:

İstanbulda 35-ci beynəlxalq kitab sərgi-yarmarkası açılıb. Sərgidə 20-dən çox ölkənin minə yaxın kitab sənəti və nəşriyyat-poliqrafiya müəssisəsi iştirak edir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi ilə sərgidə Azərbaycan da təmsil olunur.

Buradakı milli ekspozisiyamız Bakı şəhərinin rəmzi sayılan Qız qalası və qala divarlarının təsviri əsasında 42 kvadratmetrlik sahədə qurulmuş stenddə təşkil edilib. Stenddə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və yerli nəşriyyatlar tərəfindən çap olunan Azərbaycanın tarixini, mədəniyyətini, turizm imkanlarını, ədəbiyyatını, multikultural dəyərlərini, tolerantlıq ənənələrini əks etdirən 350 adda 600-dən çox çap məhsulları sərgilənir.

Eyni zamanda, stenddə Qarabağa həsr olunmuş kitablardan ibarət xüsusi guşə yaradılıb. Guşədə Azərbaycan və Türkiyə tarixçilərinin birgə iştirakı ilə ingilis dilində hazırlanaraq çap edilmiş kitablar da nümayiş olunur. Kitablarda əsassız erməni iddiaları tarixi sənədlər və elmi mənbələrlə ifşa edilir.

Bundan başqa, bölməmizdə “Kaspi” şirkətlər qrupunun layihələri əsasında Türkiyədə fəaliyyət göstərən “Araz yayınları” nəşriyyatı tərəfindən çap edilən kitablar da sərgilənir.

Stenddə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, əsrarəngiz təbiətini, nadir tarixi və memarlıq abidələrini, turizm imkanlarını əks etdirən videoçarxlar nümayiş olunur.

Sərginin birinci günü Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Yusif Vəzir Çəmənzəminlinin “Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən çap edilən “Qan içində” romanının türk dilində təqdimatı keçirilib.

Sərginin Azərbaycan bölməsində Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə anma tədbirlərinin keçirilməsi də nəzərdə tutulub. Tədbirdə Türkiyədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların təmsilçiləri, tanınmış ədəbiyyatçılar, yazıçı və şairlər iştirak edəcəklər.

Sərgi noyabrın 20-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti