...

Parisdə Vaqif Səmədoğlunun xatirəsi yad olunub (FOTO)

Mədəniyyət Materials 7 İyun 2017 14:22 (UTC +04:00)
Parisdə görkəmli mütəffəkir, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad olunub.
Parisdə Vaqif Səmədoğlunun xatirəsi yad olunub (FOTO)

Bakı. Trend:

İyunun 6-da Parisdə görkəmli mütəffəkir, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad olunub. Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş xatirə gecəsində, şairin fransız dilinə tərcumə olunmuş "Bir gün təbəssüm olmuşdum" adlı şeirlər toplusu təqdim olunub.

Paris Azərbaycan Evindən Trend-ə verilən məlumata görə, xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirilib. Tədbiri Paris Azərbaycan Evinin sədri Azərbaycanın Dostları Assosiyasiyasıının baş katibi Mirvari Fətəliyeva açaraq, ilk öncə təşkilatın fəaliyyəti və tədbirin məqsədi barədə qonaqlara məlumat verib. O, Vaqif Səmədoğlunun Azərbaycan poeziyasında özunəməxsus yer tutduğunu, atasi, məşhur söz ustası Səməd Vurğunun poeziyasından qaynaqlansa da belə onun şer tərzini təkrarlamayaraq yeni bir tərz yaradıcısı oldugunu vurğulayıb.

Sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək, Vaqif Səmədoğlunun sovet dövründə yaşayıb-yaratmasına baxmayaraq öz şeiri ilə maneələri aşaraq, fikrini hər zaman ifadə etməyi bacardığını və məhz buna görə xalqın geniş rəğbətini qazandığını deyib. Səfir şairin məşhur «Doğuldum 1939-da, 1937-də tutuldum» misralarını misal gətirərək, onun hər zaman xalqının azadlığa qovuşacağı arzusu ilə yaşayıb-yaratdığını deyib.

Gecədə bir çox fransız incəsənət xadimləri, şairlər, yazıçı-publisistlər, jurnalistlər iştirak ediblər.
Şairin yaradıcılığı ilə tanış olan yazıçı, publisist Jan Pyer Alali Azərbaycan poeziyası, görkəmli xadimləri və Vaqif Səmədoğlunun şeirləri haqqında təəsüratlarını tamaşaçılarla bölüşüb.

Daha sonra tarixçi, şair, 25 ildən artıq poeziyaya həsr olunmuş radio programının müəllif və aparıcısı olan Paskal Payen-Appenzeller çıxışını dahi Nizaminin misraları ilə başlayaraq, hər birimizin öz mədəni sərvətimizin daşıyıcısı olduğumuzu və Vaqif Səmədoğlunun da məhz əcdadlarından miras qalan bir vergisi olduğunu deyib. Şeirlərinin dərin fəlsəfi mənasi ilə bizi inam axtarışına, səyahətə, şəfqət və yaxşılığa çağırdığını söyləyib. Şairin sənətinə heyran olan Payen Appenzeller hətta yaxin zamanda canlandırdığı poeziya verilişlərindən birini Vaqif Səmədoğluna həsr edəcəyini bildirib.

Şairin həyat yoldaşı, Səməd Vurğun ev muzeyinin direktoru Nüşabə Vəkilova şairlə bağlı xatirələrini bölüşüb, onun həyat və yaradıcılıq yolundan, yaşadığı dövrün çətinliklərinə baxmayaraq daxili azadlıq səsini, demokratik düşüncələrini özünəməxsus üslübda qələmə aldığını və hər zaman sevilə-sevilə oxunduğunu qeyd edib. N.Vəkilova şairin fransızca dərc olunmuş şerlər toplusunun ərsəyə gəlməsində əvəzsiz rolu olan tərcüməçi Aliyə Səmədovaya dərin təşəkkürünü bildirib.

Xatirə gecəsi boyunca şairin həyat və yaradıcılğından söhbət açılıb, şeirləri və sözlərinə yazılmış mahnıları səsləndirilib, şairə həsr olunmuş film izlənilib. Gecə gənc pianoçu Vurğun Vəkilovun ifasında Azərbaycan və həmçinin, Avropa klassik bəstəkarlarının musiqisindən ibarət konsert proqramı ilə sona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti