...

Ötən mövsüm Akademik Milli Dram Teatr üçün əlamətdar olub

Mədəniyyət Materials 3 İyul 2017 16:56 (UTC +04:00)

Bakı. Trend:

Yola saldığımız mövsüm Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb.

Bunu Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı Trend-ə deyib.

Onun sözlərinə görə, mövsüm ərzində kollektiv xaricdə və bölgələrdə qastrol səfərlərində olub, bir neçə tamaşanın premyerası keçirilib, eyni zamanda Azərbaycan teatrının inkişafında müstəsna xidmətləri olan korifey sənətkarlarımızın yubileyləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təntənəli şəkildə qeyd edilib:

“Ötən mövsümdə “Almaz”, “Çipollino”, “Buzlar ölkəsində”, “Vəsiyyət”, “Kosanın qızı”, “Aldanmış ulduzlar” tamaşalarının premyeraları keçirilib. Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” tamaşası xalq artisti Ramiz Novruzun iştirakı ilə teatrımızın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovun yeni quruluşunda təqdim edildi. Bundan başqa, xalq yazıçısı Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” əsəri əsasında hazırlanan yeni tamaşanın məşqləri bitib, sentyabrda həmin tamaşanın premyerasını keçirəcəyik. Məşq prosesində olan növbəti səhnə əsəri isə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında hazırlanacaq “Qətibə İnanc” tamaşasıdır".

C.Zeynallı qeyd edib ki, həmin tamaşaya xalq artisti Mərahim Fərzəlibəyov dramaturq Çingiz Ələsgərlinin “Qılınc və qələm” romanının motivləri üzərində yazdığı pyes əsasında quruluş verir:

"Bu tamaşa da yeni teatr mövsümündə teatrsevərlərin ixtiyarına veriləcək. Sözügedən mövsümdə Akademik Milli Dram Teatrının gənc rejissorları Anar Sadıqov və Əlif Cahangirli Çexov Beynəlxalq Teatrı Festivalında iştirak etdi, yaradıcı laboratoriya və master-klasslara qatıldılar. Yeri gəlmişkən qeyd edim ki, avqust ayında Akademik Milli Dram Teatrı Bolqarıstanın Varna şəhərində Beynəlxalq Mono Tamaşalar Festivalında iştirak edəcək. Bu tamaşanı rejissor Anar Sadıqov əməkdar artist Ayşad Məmmədovun “İuda” mono pyesi əsasında hazırlayıb, səhnə əsərində Ayşad Məmmədov çıxış edir. Akademik Milli Dram Teatrı teatr mövsümünə iyulun 9-da “Qarabağnamə” tamaşası ilə yekun vuracaq. Yeni mövsümdə teatrımızın dəyərli tamaşaçıları üçün maraqlı, onların rəğbətini qazanacaq səhnə əsərləri vəd edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti