...

Şəkidə “Avropa şəhərciyi”nin rəsmi açılışı olub (FOTO)

Mədəniyyət Materials 23 Sentyabr 2017 18:25 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sentyabrın 23-də Şəki şəhərində “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində təşkil olunan tədbirdə Aİ-yə üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqları salamlayaraq, tədbirin Şəkinin mədəni həyatında xoş xatirə kimi qalacağını, sakinlərin Avropa mədəniyyəti və tarixi haqqında yeni biliklər əldə edəcəyini diqqətə çatdırıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, “Avropa şəhərciyi” ittifaqın üzvü olan ölkələrlə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Layihənin məqsədi Avropa ölkələrinə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək imkanı yaratmaqdır.

Sonra tədbir iştirakçıları Aİ-yə üzv ölkələrin mədəniyyətini, adət-ənənəsini, turizm potensialını əks etdirən guşələrlə tanış olublar.

Tədbir çərçivəsində uşaq və böyüklər üçün müxtəlif müsabiqələr, yarışlar, əyləncəli şoular təşkil olunub.

“Avropa şəhərciyi”nin açılışına həsr olunmuş silsilə tədbirlər axşam saatlarında şəhərin mərkəzi meydanında konsert proqramı ilə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti