...

Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçiriləcək

Mədəniyyət Materials 14 Mart 2018 20:26 (UTC +04:00)
Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunmuş konsert keçiriləcək.
Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçiriləcək

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində caz və caz-muğam konsertləri tez-tez keçirilir. Türkiyə, ABŞ, Belçika, Fransa kimi ölkələrdən gələn ifaçılar Muğam Mərkəzinin səhnəsində uğurla çıxış ediblər.

Trend-in məlumatına görə, ənənəyə sadiq qalaraq bu il də Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunmuş konsert keçiriləcək.

15 mart tarixində keçiriləcək konsertdə V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti nəzərdə tutulub.

V.Mustafazadə 16 mart 1940-cı ildə Bakı şəhərində anadan olub. Atasının ölümündən sonra, anası Zivər xanım Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. Zivər xanım özü də musiqi müəlliməsi idi.

Vaqif Mustafazadə 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olmuşdur.Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edirdi.Bu zaman Vaqif artıq musiqiçilər arasında məşhurlaşmışdı.

1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyü”nə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdi. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78",”Monte-Karlo”) laureatı olmuşdu.

1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılırdı. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma olan ad çəkilir.Vaqif Mustafazadə -Azərbaycan. Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdan Vaqif növbəti konsertlərə hazırlaşır.

Vaqif Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) müəllifidir. O,ilk dəfə Azərbaycan musiqisinin, muğamın klassik Amerika caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi- Caz-Muğam adlanır.V.Mustafazadə Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

Sənətkar xalq musiqisində,muğamlarda caz elementləri görmüş və orijinal bir janr ərsəyə gətirərək „Muğam” simfoniyasını yaratmış, 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdü.

Tədbir saat 19:00-da başlanır.

Biletləri şəhərimizin kassalarından, “ASAN Xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti