...

Tanınmış italyan balet truppası Bakıda çıxış edəcək (FOTO)

Mədəniyyət Materials 4 Aprel 2018 20:29 (UTC +04:00)
Dövlət Akademik Opera və Balet Teatrında italyan balet truppası "Spellbound"un çıxışı keçiriləcək.
Tanınmış italyan balet truppası Bakıda çıxış edəcək (FOTO)

Bakı. Trend:

Aprelin 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində teatra tanınmış italyan balet truppası "Spellbound"un çıxışı keçiriləcək.

Teatrdan Trend-ə verilən məlumata görə, balet truppası Bakıda "Bir axşam Spellboundla" adlı proqram təqdim edəcək.

"Spellbound" balet truppasının əsası 1994-cü ildən tanınmış xoreoqraf Mauro Astolfi tərəfindən qoyulub. Mauro Astolfi müasir dövrün tanınmış italyan xoreoqraflarından biridir. O Avropa və ABŞ-ın müxtəlif balet məktəblərinin təcrübələrindən istifadə etməklə yanaşı, quruluş verdiyi rəqslərə öz təkrarolunmaz üslubunu da əlavə edir. Xoreoqraf öz quruluşlarında klassik baletlə müasir rəqs elementlərindən ustalıqla istifadə edərək plastik, qeyri-adi ansambllar - duet və triolar qurur.

"Spellbound" mütəmadi olaraq bir çox milli və beynəlxalq balet festivallarında böyük uğurla çıxış edir.

Son illərdə truppa öz proqramlarını Venesiya biennalisində, Hyustonda "Dance Salad Festival"ında, Banqkok beynəlxalq rəqs və musiqi festivalında, Seuldakı “SIdance”, Təl-Əvivdəki "Aviv" beynəlxalq caz festivalında, Quandunda rəqs festivalında, Valensiyada "Temporada" festivalında, həmçinin Milanda Karkano Teatrında, Bostonda Şubert festivalında, Klivlenddə Oqayyo Teatrında, Kataniyada Massimo Bellini Teatrında, Düseldorfda beynəlxalq Tanzmesse festivalında, Nyu-Yorkda APAP rəqs konfransında, Tokioda "Dance New Air" festivalında, Vankuverdə «Chutzpah!» rəqs festivalında təqdim edib.

Truppanın çıxış etdiyi ölkələrin KİV-lər və balet tənqidçiləri "Spellbound"un çıxışlarının professional səviyyəsinə hər zaman yüksək qiymət verirlər.

İtalyan balet truppasının Bakıdakı çıxışı heç şübhəsiz ki, şəhərimizin mədəni həyatında çox önəmli hadisəyə çevriləcək və balet sevərlərə böyük zövq verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti