...

Bakıda çıxış edəcək dünyaca məşhur DJ-lərin əyləncə proqramlarına hər kəs qatıla biləcək

Mədəniyyət Materials 10 Aprel 2018 20:14 (UTC +04:00)
Musiqili əyləncə proqramlarında yarışa bilet ala bilməyənlər də iştirak edə biləcəklər.
Bakıda çıxış edəcək dünyaca məşhur DJ-lərin əyləncə proqramlarına hər kəs qatıla biləcək

Bakı. Trend:

27-29 aprel tarixlərində Bakıda baş tutacaq 2018 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində hər gün məşhur DJ-lərin möhtəşəm çıxışları ilə Bakı Kristal Zalında gecədən səhərədək davam edəcək musiqili əyləncə proqramlarında yarışa bilet ala bilməyənlər də iştirak edə biləcəklər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, bunun üçün əyləncə həvəskarları www.iticket.az saytına daxil olaraq onlayn şəkildə və ya şəhərin müvafiq kassalarına yaxınlaşaraq gecə proqramı üçün bilet ala bilərlər. Biletlər gündəlik satılır və bu biletlərin bir günlük qiyməti “Golden Circle” adlanan səhnəyə ən yaxın yer üçün 50 AZN, digər yerlər üçünsə 30 AZN təşkil edir.

BŞH Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yarış həftəsonunun bütün şəhər sakinləri üçün geniş əyləncə imkanları bəxş etdiyini bildirib: “Builki Azərbaycan Qran Prisinin dünya ulduzlarının iştirakı ilə baş tutacaq zəngin əyləncə proqramına – Afrojack, Axwell Λ Ingrosso və Martin Solveig - kimi DJ-in daxil edilməsi olduqca sevindirici haldır.

Həm dünya ulduzlarının axşam konsertləri, həm də dünyaca məşhur DJ-lərin gecə proqramları avtoidman həvəskarları ilə yanaşı bütün əyləncəsevərlər arasında böyük marağa səbəb olub. Əvvəlki illərdən fərqli olaraq bu il DJ-lərin musiqili əyləncə proqramlarını arzuedən hər kəs üçün açıq etməklə çalışdıq ki, Formula 1 yarışı ərəfəsində Bakıda yaşanacaq festival ab-havasından heç kim kənarda qalmasın.

F1 azarkeşləri isə yarış həftəsonuna bilet almaqla bütün imkanlardan istifadə edə və daha çox əyləncələrə qatıla biləcəklər. Bütün bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində və həmçinin bu konsertlərin ardınca DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında iştirak edə biləcəklər.

Sizə müraciətimiz hər zaman eyni olaraq qalır: bilet varkən almağa tələsin və növbəti möhtəşəm yarış həyəcanı və əyləncə coşğusunu bizimlə birlikdə yaşayın!”

Bu biletə sahib olanlar Bakı Kristal Zalına gecə saat 23:00-dan etibarən buraxılacaqlar.

Məlumat üçün bildirək ki, yarış həftəsi ərzində Neftçilər prospektinin Azneft dairəsindən Bakı Kristal Zalınadək hissəsi ümumi istifadə üçün bağlı olacağından burada yalnız icazə sənədinə sahib nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək. F1 bileti olmayan və yalnız DJ-lərin proqramına bilet alan əyləncəsevərlər Kristal Zala öz imkanları hesabına gəlməlidirlər.

Hazırda BŞH-nin rəsmi saytında (www.bakucitycircuit.com) və şəhərin kassalarında 2018 Formula 1 Azərbaycan Qran Prisi biletlərinin satışı davam edir. Dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq 250-690 AZN arasında dəyişir və bu biletlər azyaşlılar üçün endirimli qiymətlərə təklif olunur. Bundan başqa, 27-29 aprel tarixləri üçün ayaqüstü zonalara birgünlük biletlər də satışdadır və bu biletlərin qiyməti həftəsonunun günlərindən asılı olaraq 60-150 AZN təşkil edir.

Həmçinin bilet alıcılarına həm dünya ulduzlarının iştirakı ilə baş tutacaq axşam konsertlərində, həm dünyaca məşhur DJ-lərin çıxış edəcəyi gecə əyləncə proqramlarında “Golden Circle”-da olmaq imkanı verilir. Bunun üçün tamaşaçılar aldıqları biletə ya gündəlik əlavə 80 AZN, ya da bir dəfəyə üç gün üçün cəmi 200 AZN ödəniş etməlidirlər.

Bilet sahibləri trekdə baş tutanlarla yanaşı dənizkənarı bulvar boyunca uzanan əyləncə zonasında olan bütün tədbirlərdə iştirak edə biləcək və həftəsonunun hər axşamı Kristal Zalda keçiriləcək konsert və əyləncə proqramlarına BŞH-nin Azneft dairəsindən təşkil edəcəyi xüsusi avtobuslarla rahat şəkildə gedib-gələ biləcəklər.

Biletlə əlaqədar yaranan suallara Bilet Çağrı Mərkəzinə (*6003) zəng etməklə operativ şəkildə cavab tapa bilərsiniz.

DJ proqramlarına bilet almaq istəyənlər Kristal Zalın giriş qapılarında yerləşən kassalardan, www.iticket.az saytından və ya köşklərdən əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti