Bakı. Trend:
Daşkənd İriqasiya və Meliorasiya institutunda Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş möhtəşəm konsert keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzin layihəsi ilə Daşkənd İriqasiya və Meliorasiya institutunda keçirilən tədbirdə müəllim və tələbə heyəti, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, elm, mədəniyyət xadimləri, çoxsaylı jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə institutun prorektoru Qadırjon Şavazov açaraq xalqlarımız üçün böyük nemət olan müstəqilliyin əldə edilməsi, ötən illərdə əldə edilən uğurlar, Özbəkistan və Azərbaycan xalqları arasında dostluq əlaqələrindən danışaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı sənətçilərin İnstitutda konsert proqramını yüksək qiymətləndirib. O, ruhu, dili, mədəniyyəti, adət-ənənələri eyni olan xalqlarımızın müstəqilliyinin və dostluğunun əbədi olmasını arzulayıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının dövlətçilik tarixinin olduqca dərin köklərə malik olduğunu, XX əsrin əvvəllərində 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra əsrin sonlarında yenidən Azərbaycanın öz müstəqilliyinə qovuşduğunu qeyd edib. O, müstəqilliyin əldə edilməsi qədər, onun qorunub saxlanılmasının da çətin və şərəfli vəzifə olduğunu və bu istiqamətdə Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib.
Diplomat bu il Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünü qeyd etdiyini söyləyərək, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi ilə əlaqədar bütöv bir ilin “Cümhuriyyət ili” elan edildiyini qeyd edib.
Daha sonra azərbaycanlı sənət ustalarının iştirakı ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan konsert proqramı təqdim edilib.
Azərbaycanın Xalq artisti, vokalist Gülyanaq Məmmədova, əməkdar artistlər, tarzən Sahib Paşazadə, xanəndə Nigar Şabanova və Bakıda keçirilən beynəlxalq muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyevin çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb. Azərbaycan müğənniləri bir sıra Özbək xalq mahnılarını da ifa ediblər.
Konsertdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı da çıxış edib.