Bakı. Trend:
Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qrupu tələbələrinin ifasında möhtəşəm klassik musiqisi konserti keçirilib.
Trend-in məlumatına görə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qrupu 2015-ci ildə yaranıb.
Fəaliyyət göstərdiyi az müddət ərzində Bakı Musiqi Akademiyasının “Sabah” qrupunun tələbələri İspaniya, Rusiya, Türkiyə, Avstriya, Macarıstan, Bolqarıstan, Polşa və Almaniyada keçirilən bir çox Beynəlxalq müsabiqələrdə iştirak edərək həmin müsabiqələrin laureatları adlarına layiq görülüblər.
Dünən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Sabah" qrupunun tələbələri Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Dmitri Şostakoviç, Frederik Şopen, Robert Şuman, Serqey Raxmaninov, Ferens List, Arif Məlikov, Vaqif Mustafazadə və digər məşhur xarici və Azərbaycan bəstəkarlarının əsərləri səslənib.
Konsert musiqisevərlər tərəfindən maraq və gur alqışlarla qarşılanıb.
Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.
Dekabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li оnbirillik musiqi məktəbi şagirdlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert keçiriləcək.
Konsertdə Azərbaycan və xarici bəstəkarlarının əsərləri səslənəcək.