...

Azərbaycan Belarusda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunur (FOTO)

Mədəniyyət Materials 7 Fevral 2019 14:36 (UTC +04:00)
Belarusun Minsk şəhərində ənənəvi XXVI beynəlxalq kitab sərgi-yarmarkası açılıb.
Azərbaycan Belarusda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında təmsil olunur (FOTO)

Bakı. Trend:

Belarusun Minsk şəhərində ənənəvi XXVI beynəlxalq kitab sərgi-yarmarkası açılıb.

Azərbaycanın Belarusdakı Səfirliyindən Trend-ə verilən məlumata görə, 6-10 fevral 2019-cu il tarixlərində keçiriləcək kitab sərgi yarmarkasında dünyanın bir sıra ölkələrindən 360-dan çox nəşriyyat və kitab evi iştirak edib. Sərgi-yarmarkada Azərbaycanın Mədəniyyət Nazirliyi və ölkəmizin Belarusdakı səfirliyinin dəstəyi ilə milli stend qurulub.

Açılış mərasimində Belarusun informasiya naziri Aleksandr Karlyukeviç, Rusiya Prezidentinin Beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya-Belarus İttifaq Dövlətinin dövlət katibi Qriqori Rapota, MDB-nin icraiyyə komitəsinin sədrinin birinci müavini Viktor Quminski çıxış ediblər. Sərgidə Qazaxıstan, Rusiya, Çin, Koreya, Finlandiya və Almaniya böyük ekspozisiyalarla təmsil olunub.

Azərbaycanın stendi tərtibatı və kitabların çeşidinə görə sərginin mühüm stendlərindən biri kimi maraq doğurub. Stenddə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın bugünkü həyatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, həmçinin ölkəmizin tarixi ilə bağlı mühüm kitablar sərgilənir. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan milli stendimizi ziyarət edənlərə turizm imkanlarımız, mədəniyyətimiz, tariximiz, adət-ənənələrimiz, müasir ədəbiyyatımız haqqında geniş məlumat verilir, onlara jurnal, informasiya bukletləri paylanılıb. Stendi ziyarət edən Rusiya Prezidentinin Beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanın milli stendində nümayiş etdirilən kitablarla yaxından maraqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti