...

Əqli Mülkiyyət Agentliyi Bakı Musiqi Akademiyasının erməni saxtakarlıqlarına qarşı elmi araşdırmalarına dəstək verəcək (FOTO)

Mədəniyyət Materials 1 Mart 2019 14:25 (UTC +04:00)
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə ilə görüşüb.
Əqli Mülkiyyət Agentliyi Bakı Musiqi Akademiyasının 
erməni saxtakarlıqlarına qarşı elmi araşdırmalarına dəstək verəcək (FOTO)

Bakı. Trend:

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə ilə görüşüb.

Agentlikdən Trend-ə verilən məlumata görə, görüşdə Akademiyanın Elmi tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayilzadə, baş elmi işçi, əməkdar incəsənət xadimi, professor Akif Əsədullayev və aparıcı elmi işçi, dosent Ariz Abduləliyev də iştirak edib.

Müsiqişünas alimləri salamlayan K.İmanov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatları xüsusi qeyd edib və Agentliyin ölkəmizdə əqli mülkiyyət hüquqları, o cümlədən müəlliflik hüququ və folklor nümunələrimizin qorunması sahəsində həyata keçirdiyi tədbirlər haqqında danışıb.

G.Abdullazadə ermənilər tərəfindən xalqımızın müsiqi əsərlərinə qarşı saxtakarlıq fəaliyyətinin Bakı Musiqi Akademiyasında elmi cəhətdən araşdırılması sahəsində görülən işlər barədə məlumat verərək bu istiqamətdə aparılan işlərdə Agentliyin dəstəyinə ehtiyaclarının olduğunu diqqətə çatdırıb.

Qonaqlar Azərbaycan xalq musiqi alətlərinin təbliği üçün beynəlxalq festivalların təşkilinin vacibliyini, kustar vasitələrlə düzəldilmiş musiqi alətləri ilə dünya səviyyəsinə çıxmağın mümkün olmadığını və belə alətlərin istehsalı üzrə fabrikin tikilməsinə ehtiyacın olduğunu diqqətə çatdırıb, bu sahədə təbliğat işinin artırılması məqsədilə alimlərin elmi araşdırmalarının çap olunmasında dəstəyə ehtiyaclarının olduğunu vurğulayıb.

K.İmanov ermənilərin plagiat fəaliyyətinin əsas səbəbinin onların Azərbaycan xalqının tarixi torpaqlarında avtoxton olduqlarını sübut etmək olduğunu xüsusi vurğulayaraq Əqli Mülkiyyət Agentliyinin Azərbaycan müəlliflərinin əsərlərinin və folklor nümunələrinin erməniləşdirilməsi cəhdlərinə qarşı mübarizə apardığını, bununla əlaqədar tarixi, etimoloji-liqvistik və hüquqi cəhətdən əsaslandırılmış arayışlar və şərhlər hazırlandığını, erməni saxtakarlıqları barədə beynəlxalq təşkilatlara, o cümlədən ÜƏMT və YUNESKO-ya etiraz məktubları göndərildiyini diqqətə çatdırıb və bu mövzuda çoxsaylı konfrans, dəyirmi masa və digər tədbirlər keçirildiyini, kitablar, müxtəlif növ təbliğat materiallarının çap olunaraq geniş ictimaiyyət arasında yayıldığını bildirib.

Görüşdə Agentlik tərəfindən Bakı Musiqi Akademiyasının əməkdaşlarının erməni saxtakarlıqlarının ifşa olunması sahəsindəki fəaliyyətlərinə dəstək veriləcəyi, o cümlədən onların elmi araşdırmalarının çap olunmasında köməklik göstəriləcəyi, Agentlik tərəfindən təşkil olunan tədbirlərdə məruzə ilə çıxış etmələrinə şərait yaradılacağı xüsusi qeyd edilib və gələcək səmərəli əməkdaşlığa inam hissi ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti