Bakı. Trend:
Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə rayonundakı Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib.
Baş İdarədən Trend-ə verilən məlumata görə, əvvəlcə Mədəniyyət Mərkəzinin həyətində Şirvan folklor qrupunun ifasında “Yallı” musiqisi səsləndirilib.
Bahar qızı qonaqları xonça ilə qarşılayıb. Kosa və keçəlin məzəli çıxışlarından sonra Dədə Qorqud əlindəki məşəllə tonqalı alovlandırıb.
Daha sonra Mədəniyyət Mərkəzinin foyesində 168, 186, 231, 235 və 243 nömrəli tam orta məktəblərin və “Bulaq”, “Cırtdan” bağçalarının hazırladıqları sərgilərə baxış keçirilib.
Tədbirin bədii hissəsi Mədəniyyət Mərkəzinin akt zalında davam edib.
Konsertdə tanınmış müğənnilər Rüfət Axundov, Ziba Osmanlı, Əli Dünya, Kərim Kərimli, Zakir Abasəliyev, Zeynəb Məmmədli, “Qismət qrupunun solisti Tural Qismət, Türkanə Kərimova, “Şirvan” folklor qrupu, “Sevinc” ansamblı və həmin ansamblın solisti Qələm Qubadlı, söz ustası Sahib Kürdəxanlı, “Hind rəqsi” ilə rəqqasə Vəfa, 168 saylı məktəbin VIII sinif şagirdi Röya Pirmuradova çıxış ediblər. Tədbir tamaşaçıların gur alqışları ilə başa çatıb.