...

Azərbaycanda ilk dəfə “Young Lions” Beynəlxalq Yaradıcılıq Müsabiqəsi baş tutacaq

Mədəniyyət Materials 4 Mart 2020 19:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan Portalının, eləcə də mərc opertoru “Topaz”-ın dəstəyi ilə “Cannes Lions” Beynəlxalq Yaradıcılıq festivalının gənc reklam mütəxəssislərinə yönlənmiş mərhələsi “Young Lions” Azərbaycanda da baş tutacaq! Festivalın ölkəmiz üzrə rəsmi təmsilçisi isə “Endorphin” reklam agentliyinin CEO-su Orxan Kərimovdur.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, “Young Lions” Azərbaycan müsabiqəsinin 2 qalib komandası bu yay Fransanın Kann şəhərində keçirilən qlobal müsabiqədə iştirak etmək şansı qazanacaqdır.

“Cannes Lions” dünyanın ən prestijli yaradıcılıq festivallarından biridir. 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində baş tutan festival reklam sektorunun iş keyfiyyətini və yaradıcılıq rəqabətini artırmağa yönəlib. “Cannes Lions” festivalından mükafatla geri dönmək hər reklam agentliyinin arzusudur! Çünki burada qazanılan “aslanlar” gələcəkdə yeni fürsətlərə açılan qapılardır.

Bu il 67-ci festivalı gerçəkləşəcək “Cannes Lions” dünyanın dörd tərəfindən insanların bir araya gəldiyi, yeni fikirlər kəşf etdiyi mərkəzə çevriləcək.

1995-ci ildən bəri təşkil olunan “Young Lions” müsabiqəsi isə 30 yaşadək (26 iyun, 1989 təvəllüd və ya daha sonra doğulanlar) reklam mütəxəssislərinin ikili komanda şəklində qatılması üçün nəzərdə tutulub. “Young Lions” yarışmalarında print, rəqəmsal, film, dizayn, gənc marketoloqlar, media və ictimaiyyətlə əlaqələr olmaqla, 7 kateqoriya üzrə işlər yarışdırılır. Azərbaycanda keçiriləcək ilk “Young Lions” müsabiqəsində isə bunlardan yalnız print və film kateqoriyası üzrə müraciətlər formalaşdırılacaq.

Müsabiqəyə müraciət etdikdən dərhal sonra göndəriləcək brifə əsasən print kateqoriyası üçün 24 saat, film üçün isə 48 saat ərzində fikri dolğun şəkildə izah edəcək çalışmalar göndərilməlidir. Göndəriləcək işlər beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. Hər kateqoriyadan bir komanda olmaqla ümumi 2 komanda, yəni 4 reklamçı qaliblər müəyyənləşdiriləcək. Qalibləri isə builki “Cannes Lions” festivalında iştirak haqqı gözləyir. Gənc reklamçıları əvəzsiz fürsətlərlə təmin edən bu yarışma “Topaz”-ın təşəbbüsü ilə qaliblərin yol, qonaqlama və festivalda iştirak xərclərini qarşılayacaq!

Müsabiqəyə qeydiyyat 2 mart tarixindən 3 aprel 2020-ci il tarixinə qədər davam edəcəkdir.

Qeydiyyat üçün link: canneslions.az

Müsabiqə haqqında gələcək xəbərlər üçün Facebook və Instagramda Cannes Lions Azerbaijan hesablarını izləyə və ya festivalın rəsmi Azərbaycan təmsilçisi Orxan Kərimovla əlaqə saxlaya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti