...

Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib

Mədəniyyət Materials 6 Aprel 2020 15:38 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 6-da Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın sədrliyi, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi əməkdaşlarının iştirakı ilə videokonfrans keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini Sevda Məmmədəliyeva çıxışında nazir Əbülfəs Qarayev tərəfindən regional mədəniyyət idarələrinin rəislərinə videokonfrans vasitəsilə verilmiş tapşırıqları şöbənin əməkdaşlarının nəzərinə çatdırıb. Qeyd edib ki, ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sosial təcrid vəziyyətində muzey binalarının səliqə-sahmanına diqqət yetirilməli, həmçinin mütəmadi olaraq dezinfeksiya işlərinin həyata keçirilməsinə nəzarət gücləndirilməlidir.

Bildirilib ki, xüsusi karantin müddətində insanların informasiya təminatının davamlılığı məqsədilə internetin keyfiyyəti diqqətdə saxlanılmalıdır. Muzeylərin fəaliyyətinin tamamilə onlayn rejimə keçirilməsi və xidmətlərin (ekspozisiya və sərgilərin virtual tur və ekskursiyaları, tarix, təsviri və tətbiqi sənət, ədəbiyyat, musiqi və s. dərslər, mühazirələr, habelə ustad dərsləri, konsert proqramları) keyfiyyətlə həyata keçirilməsi təmin edilməlidir.

Nazir müavini diqqətə çatdırıb ki, xüsusi karantin günlərində mədəniyyət sərvətlərimizin təbliğatının davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə birlikdə muzey işçiləri üçün muzey işi və mədəniyyət sərvətlərinin mühafizəsi mövzusuna dair mütəmadi olaraq onlayn treninqlər təşkil edilməlidir. Eyni zamanda muzey rəhbərləri tərəfindən tərtib edilmiş növbətçilik qrafiki üzrə müəyyən olunmuş günlərdə növbətçi təyin edilmiş fondların baş mühafizləri və digər maddi məsul şəxslər kolleksiyaların inventarizasiya işini davam etdirməli və muzey əşyalarının daimi mühafizə portalının doldurulması davam etdirilməlidir. Regionlarda fəaliyyət göstərən muzeylərin mühafizəsinin yüksək səviyyədə təmin olunmasının zəruriliyi də vurğulanıb, bu məqsədlə regional idarələrin rəislərinə sirkulyar məktubların göndəriləcəyi diqqətə çatdırılıb.

Videokonfransda Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinə Heydər Əliyev mərkəzlərinin və Tarix-Diyarşünaslıq muzeylərinin əsasnamələrinə yenidən baxılması və hazırkı sosial təcrid vəziyyətində muzeylərin onlayn xidmətlərinin vəzifələr bölməsinə əlavə olunması, həmçinin Bakıda fəaliyyət göstərən muzeylərin fondlarının rəqəmsallaşdırılması vəziyyətinin təhlilinin aparılması tapşırılıb.

Vurğulanıb ki, respublikamızda fəaliyyət göstərən televiziya kanalları ilə əməkdaşlıq əlaqələrinin qurulması və seçilmiş faylların (virtual ekspozisiyalar, onlayn mühazirələr, tarix dərsləri) geniş ictimaiyyətə təqdim edilməsi, növbətçilik zamanı muzeylərim elmi heyəti tərəfindən fondlarda və ekspozisiyalarda saxlanılan eksponatların önündə yüksək keyfiyyətli ekskursiyaların və mühazirələrin videoyazılışının təşkili həyata keçirilməlidir.

Muzeylər üçün ödənişli reklamların hazırlanması və virtual məkanda yayımlanması, muzeylərin sifarişi ilə hazırlanmış suvenir məmulatlarının onlayn satışı və müxtəlif ölkələrin muzeyləri ilə imzalanmış əməkdaşlıq müqavilələri əsasında virtual sərgilər təşkil edilməlidir.

Sonra Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova tərəfindən təqdim olunmuş “Muzey işinin modernləşdirilməsi” layihə təklifi müzakirə olunub.

Daha sonra Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva və Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynlinin çıxışları dinlənilib.

Sonda Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova 18 mart – 4 aprel tarixlərində karantin dövründə Heydər Əliyev mərkəzləri və muzeylər tərəfindən həyata keçirilən işlər barədə hesabatı diqqətə çatdırıb. Həmçinin İtaliya muzeyləri ilə əməkdaşlığın təşkilinə dair təkliflər barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti