Bakı. Trend:
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 10 mükafat qazanıblar.
Trend-in məlumatına görə, bu barədə “Gilavar” Azərbaycan Foto Klubu məlumat paylaşıb.
Klubun təşkilatı dəstəyi ilə keçirilən Baku 2020 adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub. Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazələri ilə keçirilən müsabiqəyə dünyanın 64 ölkəsindən 342 fotoqraf tərəfindən 5140 foto təqdim edilib ki onların arasında Trend Beynəlxalq İnformasiya Agentliyinin fotomüxbiri Zaur Mustafayevin fotosu da yer alıb.
Zaur Mustafayevin "Strong Fire" (Güclü Yanğın) fotosu beynəlxalq diploma layiq görülüb. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan və Misirdən olan üç nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb. Münsiflər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov, fotoqraf Kərim Abbasov və misirli Yasser Alaa Mobarak yer alıb.
Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu yarışma “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən həyata keçirilən sayca altıncı beynəlxalq foto müsabiqədir:
“Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 161 mükafata 39 ölkənin 121 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan fotoqraflar Ramil Zeynalov bürünc medal və fəxri lent, Roman İsmayılov gümüş medal, Nurlan Tahirli iki fəxri lent, Aleksandr Firstov xüsusi lent, Valeriy Xlızov, Rüstəm Məhərrəmov, Zaur Mustafayev və Kelvin Qasımov beynəlxalq diplom qazanıb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 10 mükafat əldə olunub”.