...

ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahından reportaj - İncəsənət dünyasına səyahət (ÖZƏL) (FOTO)

Mədəniyyət Materials 9 Dekabr 2021 17:33 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahından reportaj - İncəsənət dünyasına səyahət (ÖZƏL) (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger ABŞ Dövlət Departamentinin 1963-cü ildən fəaliyyət göstərən "Səfirliklərdə incəsənət" proqramı çərçivəsində təqdim olunan rəsm əsərləri ilə tanışlıq üçün qəbul keçirib.

Trend-in məlumatına görə, bu proqrama əsasən, hər bir səfir amerikalı rəssamların əsərlərindən ibarət kolleksiyanı təyin olunduğu ölkəyə aparır və fəaliyyəti müddətində öz iqamətgahında saxlayır. Proqramla 20 minə yaxın muzey, qalereya, fərdi kolleksiyaçı və rəssam əməkdaşlıq edir.

Mərasim zamanı qonaqları salamlayan səfir onlar üçün ekskursiya təşkil edib və iqamətgahın üç otağında yerləşən rəsm əsərləri ilə tanış edib.

"İncəsənət heç bir sərhəd tanımayan ümumbəşəri dildir. Azərbaycana işə gəlməzdən əvvəl mən ölkə haqqında məlumatlar topladım və buranın zəngin, gözəl təbiətinin olduğunu öyrəndim. Mən daha sonra bunu Abşeron, Gəncə, Şəki, Naxçıvan, Lənkəran, Zaqatala, Xaçmaz və digər yerlərdə öz gözlərimlə gördüm. Əmin oldum ki, ABŞ və Azərbaycan çox oxşardır və özünəməxsusdur. Məsələn, Kaliforniyanın dağları Şahdağa çox oxşayır, ona görə də mən Azərbaycanın bu bölgəsinə tez-tez səfər edirəm və hətta xizəkdə sürüşürəm. Burada təqdim olunan rəsmlər təkcə mənim doğma yurdumun gözəlliyini əks etdirmir, həm də Azərbaycan təbiətinə sevgimin təzahürüdür", - deyə ABŞ səfiri bildirib.

Səfir qeyd edib ki, o özü də gözəl mənzərələri çox sevir və hesab edir ki, məhz təbiət təsvirləri vasitəsilə digər ölkələrin nümayəndələri ABŞ-dakı mənzərələrin nə qədər gözəl olduğunu başa düşə bilərlər.

İqamətgahın hər otağında əsasən ABŞ-ın şimal-şərqindəki Yeni İngiltərə regionundan olan rəssamların əsərləri təqdim olunur.

Otaqların birində rəssam Nensi Martinin Massaçusets ştatında, Atlantik okeanının sahilində yaradılmş "Thunder" əsəri nümayiş etdirilir.

Qonaq otağında divarlarda Feyt Ram adlı rəssamın "Massif", "Sapphire Lake" və "Big Chief Lake" əsərləri yer alır. Burada, həmçinin Karen Vintersin "Upper Yosemite Falls" əsərini görmək olar. Bütün bu peyzajları Bo Bartlettin Corciya ştatının Kolambus şəhərində ərsəyə gətirdiyi "Galilee" rəsmi tamamlayır.

İstirahət otağında rəssam Vudi Ceksonun "Autumn Lights", "Summer Garden" və "Eastern Horizon" əsərləri nümayiş etdirilir.

Yemək otağında isə divarları Kerol Pikin Kaliforniya ştatının Petaluma şəhərində yaradılmış "Metamorphosis" və "Into Evening" əsərləri bəzəyir.

E.Litsenberger qeyd edib ki, bütün bu rəsm əsərləri ona Vermont universitetində təhsil aldığı illəri xatırladır. Səfir həm də uzun illər Kaliforniya ştatında yaşayıb.

Qeyd edək ki, ABŞ səfirliyi mütəmadi olaraq Azərbaycanda mədəniyyət tədbirləri keçirir və pandemiya vəziyyətindən asılı olaraq ABŞ mədəniyyəti və incəsənəti ilə bağlı bir sıra layihələri yenidən ictimaiyyət üçün təqdim etməyi planlaşdırır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti