...

Azad edilmiş ərazilərdə bərpa zamanı qədim eksponatlar aşkar edilib - Trend TV-nin reportajı

Mədəniyyət Materials 11 Yanvar 2022 14:26 (UTC +04:00)
Azad edilmiş ərazilərdə bərpa zamanı qədim eksponatlar aşkar edilib - Trend TV-nin reportajı

Füzuli. Aslan Məmmədli - Trend:

İşğaldan azad edilən Füzuli rayonunda quruculuq və abadlıq işləri zamanı eramızın I minilliyinə aid tarixi tapıntıya rast gəlinib.

Tapıntılar Füzuli Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib. Muzeyin direktoru Elçin Əsədov Trend-in Qarabağ bürosuna bildirib ki, bu tapıntı ilk deyil. Qarabağda aparılan bərpa prosesi zamanı əvvəlki aylarda da tarixi eksponatlar tapılıb: “Azərbaycanın hansı daşını qaldırırsan, orada bir tarix yatır. İşğaldan azad edilmiş Füzuli rayonu da həmçinin. Əgər bu gün arxeoloq kimi yox, adi vətəndaş kimi Füzuli rayonunun ərazisini gəzsən, Azərbaycana aid, bizim millətə məxsus rast gəldiyin tarixi əşyalarla bir neçə muzeyi doldura bilərsən”, - muzey direktoru deyib.

E.Əsədov, həmçinin əlavə edib ki, Əhmədbəyli-Şuşa magistral yolunun çəkilişi, Füzuli aeroportunun tikintisi, eyni zamanda Şuşaya elektrik enerjisinin verilməsi ilə bağlı dirəklərin basdırılması və yolların inşası zamanı da tarixi əhəmiyyətli əşyalar aşkar edilib: “Həmin ərazilərdə çalışan fəhlələr, mühəndislər tərfindən tapılmış əşyalar muzeyə təqdim olunub və qeydiyyata alınıb. Bu tapıntılar arasında eramızın I minilliyinə aid əşyalara da rast gəlmək mümkündür”, - o qeyd edib.

Muzeyin direktoru bildirib ki, tapılan əşyaların əksəriyyəti misdən hazırlanan məişət əşyalarıdır. Bunlar kasa, sini qab, kəfkir və.s kimi məişət əşyalarıdır: “Eyni zamanda quruculuq işləri zamanı dərin qatları qazdıqda oradan küplər, durna çırağı, xəncərlər çıxır ki, bunlar da tariximizin müxtəlif dövrlərini əhatə edir”, - E.Əsədov vurğulayıb.

Muzeyin direktoru bildirib ki, gələcəkdə işğaldan azad edilmiş ərazilərdə yeni muzeylər də yaradılacaq.

Trend TV-nin hazırladığı videoreportajı təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti