...

Xalq artisti Aftandil İsrafilov son mənzilə alqışlarla yol salındı (FOTO)

Mədəniyyət Materials 30 Aprel 2023 13:22 (UTC +04:00)
Xalq artisti Aftandil İsrafilov son mənzilə alqışlarla yol salındı (FOTO)

Bakı. Trend:

Bakının Heydər məscidində tanınmış qarmon ifaçısı, Azərbaycanın xalq artisti, “Şöhrət” ordeninli Aftandil İsrafilov ilə vida mərasimi keçirilib.

Trend xəbər verir ki, Aftandil İsrafilov aprelin 29-da 82 yaşında vəfat edib. Tanınmış mədəniyyət və incəsənət xadimləri, Aftandil İsrafilovun həmkarları, qohumları və dostları xalq artistini son mənzilə yola salmağa gəliblər.

Onlar xalq artistini son mənzilə alqışlarla yola salıblar. Aftandil İsrafilov Bakıda İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Aftandil İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olmuşdur. İfaçılıq sahəsində öz dəsti-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.

O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Univetsiteti) mülki tikinti fakültəsinə qəbul olmuşdur. Qarmona olan marağı onun təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr etməsinə səbəb olub.

A.İsrafilov "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirir. Aftandil İsrafilov 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edir.

Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış ”Zemfira”, “Kəmalə”, “Nazilə”, "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.

Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülmüşdür. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Xəbər lenti

Xəbər lenti