Bakı. Trend:
İyunun 7-də Səməd Vurğunun Ev-Muzeyində Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun 84-cü ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Trend xəbər verir ki, filosof şairə həsr olunmuş gecəyə şairin qələm dostları, Vaqifsevərlər, poeziya həvəskarları, gənclər, media nümayəndələri yığışıb.
Gecədə böyük şairin həyat və yaradıcılığından bəhs edilib, unudulmaz xatirələri yenidən canlandırılıb.
Qeyd olunub ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olub, öz yaradıcılığı ilə neçə-neçə nəsillərin ədəbi zövqünün formalaşmasında mühüm rol oynayıb və bu gün də öz əvəzolunmaz əsərləri ilə gənclərin sevimlisinə çevrilməyi bacarıb.
Tədbir iştirakçıları şairin məşhur şeirlərindən parçalar ifa edib.
Tədbirin bədii hissəsində Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş müəllif mahnıları, Azərbaycan Xalq mahnıları və digər əsərlər görkəmli incəsənət xadimləri və gənc musiqiçilərin ifasında səslənib.
Bədii hissədə Kamran M.Yunis Vaqif Səmədoğlunun şeirlərini səsləndirib.
Bədii hissə bu ardıcıllıqla davam edib:
Polad Bülbüloğlunun “Adajio" və Emin Sabitoğlunun “Bir axşam taksidən...” mahnılarını pianoda Ülviyyə Hacıbəyova ifa edib. “Dünyaya çıx gülə-gülə” (söz: Vaqif Səmədoğlu, mus: Vəfa Bağırzadə) mahnısını vokal Günay Məmmədova və pianoda Firuzə Nəcəfli ifa edib. Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş müəllif mahnılarını klassik gitarada Cavanşir Rafiqoğlu səsləndirib. Emil Əfrasiyabın “Hajibeylijazz”ı və Niyazinin “Arzu”su isə pianoda Cavad Əfrasiyab tərəfindən ifa edilib. Azərbaycan Xalq mahnıları “Qaragilə” və “Sarı gəlin” fleytada Kamran Talıblı, pianoda Cavad Əfrasiyabın ifasında səslənib.