...

Hindistanın Bakıdakı Səfirliyi və “Arts Council Azerbaijan” rəngarəng rəsm seminarı təşkil edib (FOTO)

Mədəniyyət Materials 13 Noyabr 2023 16:25 (UTC +04:00)
Hindistanın Bakıdakı Səfirliyi və “Arts Council Azerbaijan” rəngarəng rəsm seminarı təşkil edib (FOTO)

Bakı. Trend:

“Arts Council Azerbaijan” Hindistanın Bakıdakı Səfirliyi ilə birgə 11 noyabr 2023-cü il tarixində “Gənclik Mall”da Hindistan mövzusuna həsr olunmuş rəsm seminarı təşkil edib.

Tədbir çərçivəsində “Arts Council Azerbaijan”ın direktoru cənab Dadaş Məmmədov öz əsərlərində Hindistan mədəniyyətinin motivlərini təsvir etmiş on azərbaycanlı rəssamla əməkdaşlıq edib.

Seminarda Hindistan mövzularını hər bir rəssamın özünəməxsus üslubu ilə canlandıran sənət əsərləri nümayiş etdirilib. Nuray Allahverdiyeva hind intellektual ənənələrini əks etdirən “Şahmat” əsərini yaradıb. Röya Həsənova “Tac Mahal” əsəri ilə bu məşhur memarlıq abidəsinin əzəmətini və tarixini əks etdirib. Məryəm Qibləyeva öz əsərində hind rəqsinin axıcı və zərif hərəkətlərini ifadə edib. Leyla Orucova isə hind folklorunun mistik tərəflərini özündə əks etdirən “Ay” əsərini təqdim edib.

Sərginin davamında Mələk Abbaszadə “Meditasiya Edən Budda” əsəri ilə Hindistanın mənəvi tərəfinə nəzər salıb. Nailə Aslanova Hindistanın tarixini təmsil edən əzəmətli “Çittorqarh Qalası”nı canlandırıb. Sevda Rüstəmovanın “Rəqs (Yaşıl)” əsəri hind rəqslərinin enerjisini və rənglərini qabarıq şəkildə göstərib. Kamilə Muradovanın “Ənənəvi Geyimli Qadın” əsəri hind geyimlərinin üslubunu və görünüşünü əks etdirib. Eldar Babazadə isə hind kinosu mövzusuna toxunan “Məhəbbət Hekayəsi Filmi” adlı rəsm əsərini nümayiş etdirib. Nəhayət, Leyla Muradovanın “Portret” və ya “Pələng” əsəri bu əzəmətli heyvanın gözəlliyini əks etdirib və onun Hindistan mədəniyyətində tutduğu xüsusi yeri vurğulayıb.

Səfir Sridharan tədbir zamanı rəssamlarla söhbət edib, onların sənət əsərlərinin nədən ilhamlandığını öyrənib. O, mədəni mübadilənin insanlar arasında anlayışı təşviq etdiyini vurğulayıb.

Seminar azərbaycanlı sənətsevərlərdən tutmuş hind icmasının Azərbaycandakı üzvlərinə qədər böyük bir kütlənin marağına səbəb olub. Tədbir zamanı uşaqların bəyəndiyi Hindistan Mədəniyyəti Guşəsi xüsusilə diqqəti cəlb edib. Orada ənənəvi hind musiqi aləti olan Sarangi, eləcə də klassik hind çalması nümayiş etdirilib. Bundan əlavə, ziyarətçilərə Mahatma Qandi haqqında Azərbaycan dilində nəşr olunmuş şəkilli kitablar təqdim olunub.

Bu interaktiv rəsm seminarı bədii istedadları nümayiş etdirməklə yanaşı, mədəni dialoq vasitəsilə Azərbaycan və Hindistan arasında dostluğu daha da möhkəmləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti