...

ABŞ-da National Music & Global Culture Society tərəfindən Azərbaycan xalq mahnılarına həsr olunmuş bəstəkarlıq müsabiqəsi keçirilir

Mədəniyyət Materials 16 Mart 2024 15:31 (UTC +04:00)
ABŞ-da National Music & Global Culture Society tərəfindən Azərbaycan xalq mahnılarına həsr olunmuş bəstəkarlıq müsabiqəsi keçirilir
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Musiqi və Qlobal Mədəniyyət cəmiyyəti (National Music & Global Culture Society, prezidenti Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqə laureatı, professor Nərgiz Əliyarova) mart-noyabr aylarında IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi keçirir.

Trend xəbər verir ki, müsabiqə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət nazirliyin dəstəyi ilə keçirilir.

Bu müsabiqə Azərbaycanın musiqi tarixində ilk və yeganə beynəlxalq bəstəkarlıq müsabiqəsidir. Bu il Azərbaycan Xalq Mahnılarına həsr olunur. Müsabiqənin məqsədi plagiata uğramış xalq mahnılarımızın dünyada məhz Azərbaycan xalq yaradıcılığına aid olmasını geniş təbliğ etməkdir. Müsabiqəyə yaşından asılı olmayaraq bütün dünyadan bəstəkarlar qatıla biləcək. Müsabiqənin şərtlərinə uyğun olaraq hər bir iştirakçı Təşkilat Komitəsi tərəfindən seçilmiş 10 Azərbaycan xalq mahnısının istənilən birinin, və ya bir-neçəsinin mövzusunun əsasında bəstələdiyi instrumental (5 ifaçıdan çox olmayaraq) əsər təqdim etməlidir. Əsərlər münsiflər heyətinə audio yazı və həmçinin PDF faylı şəklində təqdim ediləcək. Müsabiqədə iştirak edən əsərin başlığında istifadə olunan melodiyanın mənşəyi, onun Azərbaycan xalq yaradıcılığına aidliyi qeyd olunacaq.

Daha ətraflı, şərtlər və iştirak üçün https://nm-gcs.org/about-the-nmgcs-iv-international-composition-competition/

Əlaqə nömrələri: + 1 202 560 0145, +994502138155.

Mail: [email protected]

Cari il martın 15-də müsabiqənin şərtləri elan olunub. İyulun 1-ə qədər iştirakçılar öz əsərlərini münsiflər heyətinə təqdim edə bilər. İyulun 15-ə qədər münsiflər heyəti əsərlərlə tanış olub onlara qiymət verəcək.

Sentyabrın 18-i – Azərbaycan Milli Musiqi günündə müsabiqəyə yekun vurulacaq. I yer (2,000 dollar), II yer (1,000 dollar) və III yer (500 dollar) yerlərin laureatları elan olunacaq, onlara pul mükafatları və müsabiqənin diplomları təqdim olunacaq.

Qalib olan əsərlərin premyerası sentyabrda Bakıda Ü.Hacıbəyli adına Beynəlxalq festival çərçivəsində baş tutacaq. Noyabrın 8-də, Azərbaycanın Zəfər günündə IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin yekun konserti Nyu-Yorkun Linkoln Mərkəzində keçiriləcək.

Müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları bir toplu şəklində ABŞ Konqreslər kitabxanasının qeydiyyatına salınacaq, fərdi nömrə və ştrix kod ilə Nyu-Yorkda nəşr ediləcək və dünyada yayılacaq.

Qeyd etmək lazımdır ki, Ü.Hacıbəyli və F.Əmirovun melodiyalarına bəstələnmiş əsərlərin toplusu artıq nəşr olunub. 2021-ci ildə keçirilən I Beynəlxalq müsabiqəyə dörd qitə 35 ölkədən 51 iştirakçı, 2022- ci ildəki II Beynəlxalq müsabiqəyə 23 ölkədən 35 iştirakçı, 2023-cü ildə keçirilən III Müsabiqəyə isə 22 ölkədən 54 iştirakçı qatılmışdı. Müxtəlif illərdə müsabiqələrin qalibləri Böyük Britaniya, ABŞ, Almaniya, Avstriya, İspaniya, Polşa, Cin Xalq Respublikası, Kolumbiya, Azərbaycan, Gürcüstan və Ukraynanı təmsil edən iştirakçılar olublar.

Xəbər lenti

Xəbər lenti