Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
"Noyabrın 1-də keçiriləcək parlament seçkiləri Azərbaycanın dünyaya göndərdiyi müsbət mesaj olacaq". Trend-in məlumatına görə, bunu Seçki-2015.az saytına açıqlamasında pakistanlı siyasi ekspert, seçkilərin müşahidəsi üzrə analitik Malik Ayub Sumbal bildirib.
O seçkilərdə Azərbaycan xalqının öz istəyinə uyğun demokratik şəkildə seçim edəcəyinə əminliyini bildirib: "Azərbaycan artıq inkişaf etmiş ölkədir və Bakıdakı çoxmillətli paytaxtlara məxsus həyat tərzindən bunu hər kəs görə bilər. Bu parlament seçkiləri ölkədəki demokratiyanın əsaslarını daha da gücləndirəcək. Əminəm ki, bu seçkilər siyasi institutlar və insanların şüurunda demokratiyaya meyli gücləndirəcək".
Pakistanlı ekspertin sözlərinə görə, son illər ərzində Azərbaycanda vətəndaşların həyat şəraiti yüksəlib və bu, ölkədə olan demokratiyanın nəticəsidir: "Azərbaycandakı demokratik quruluş Qafqazda olan digər qonşu dövlətlər üçün bir nümunədir, çünki qanunun aliliyi və ictimai institutların gücü göz qabağındadır. Azərbaycan regionda və dünyada sülh quruculuğu prosesində nümunə rolunu oynayır. Bu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə əlaqədardır. Bu seçkilərə gənclərin də marağı yüksəkdir, onlar səsvermə gününü həyəcanla gözləyirlər. Gənclər təşkilatları ən yüksək səviyyədə seçki prosesində iştirak edirlər. Bir sözlə əminəm ki, Azərbaycanda azad və ədalətli seçkilər keçirəcək".