Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsinə görə dövlət rüsumunun tətbiq olunması planlaşdırılır.
Trend-in məlumatına görə, bu, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Dövlət rüsumları haqqında” qanuna dəyişikliklərdə nəzərdə tutulur.
Dəyişikliklərə əsasən, 15 yaşdan aşağı vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün rüsumlar aşağıdakı kimi olacaq:
- 10 iş günü ərzində veriləcəyi təqdirdə - 4 manat;
- 3 iş günü ərzində veriləcəyi təqdirdə - 20 manat;
- 1 iş günü ərzində veriləcəyi təqdirdə - 25 manat.
Hazırkı qanunvericiliyə əsasən 15 yaşdan aşağı şəxslər şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsi üçün dövlət rüsumundan azaddır.
Qeyd edək ki, 15 yaşdan yuxarı şəxslər üçün bu rüsumlar müvafiq olaraq 5, 25 və 35 manat təşkil edir. Dəyişikliklər 15 yaşdan yuxarı şəxslərə şamil olunmayacaq.
Dəyişikliklər qəbul olunacağı təqdirdə 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.