...

İçməli su problemindən əziyyət çəkən 40-dan çox kənddə bu il yeni layihələrin icrası nəzərdə tutulur

Gündəm Materials 9 Aprel 2018 22:30 (UTC +04:00)
İçməli su problemindən əziyyət çəkən 40-dan çox kənddə bu il yeni layihələrin icrası nəzərdə tutulur.
İçməli su problemindən əziyyət çəkən 40-dan çox kənddə bu il yeni layihələrin icrası nəzərdə tutulur

Bakı. Trend:

İçməli su problemindən əziyyət çəkən 40-dan çox kənddə bu il yeni layihələrin icrası nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib.

Q.Hüseynov bildirib ki, Azərbaycan regionlarının, eləcə də Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində dayanıqlı və keyfiyyətli su mənbələri, içməli su təchizatı və kanalizasiya sistemləri yaradılıb, içməli su problemindən əziyyət çəkən kənd və qəsəbələrdə layihələr icra edilib: “Tapşırıqlarınıza uyğun olaraq, ölkə ərazisində 30-dan çox içməli su mənbələri tikilərək istismara verilib. Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi, Mingəçevir, Quba, Xanbulan sutəmzləyici, Külüllü, Qızılqaya, Göygöl suqəbuledici qurğuları, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri və digər lokal mənbələr Azərbaycan vətəndaşlarının sağlam həyatı baxımından ən böyük töhfələrdir”.

O qeyd edib ki, su və kanalizasiya layihələrinin icrasına başlanılmış 50 şəhər və rayon mərkəzinin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin tikintisi başa çatdırılıb. Şəhər mərkəzləri ilə yanaşı, əhalisinin sayı ümumilikdə 630 min nəfər olan 520 kənddə də layihələr icra edilib:

“Cənab Prezident, 2017-ci il 17 mart tarixli Sərəncamınıza uyğun olaraq, respublikanın 28 rayonunun 170 kəndində başlanmış işlər bu ilin birinci rübündə tam başa çatdırılıb, 530 kilometr magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1432 bulaq quraşdırılıb. Bununla da 271 min nəfərin keyfiyyətli içməli suya çıxışı təmin edilib. Ötən il imzaladığınız sərəncamlara əsasən, dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Abşeron yarımadasının 18 qəsəbəsində başlanılmış işlər bu ilin yanvarında başa çatdırılıb”.

ASC sədri vurğulayıb ki, son illər icra edilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, 230 su anbarı və anbar kompleksi tikilib, 15 min kilometrdən çox magistral və paylayıcı su, 3500 kilometrdən artıq kanalizasiya xətləri çəkilib, 308 ədəd artezian və subartezian quyusu qazılıb, 5 minə yaxın çoxmənzilli yaşayış binasının daxili kommunikasiya xətləri yenilənib. Görülmüş işlərin real nəticəsi olaraq, hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 67 faizi, Bakı şəhəri üzrə isə 81,5 faizi fasiləsiz içməli su ilə təmin edilir:

“İcra olunan layihələr çərçivəsində su şəbəkəsi ilə paralel kanalizasiya infrastrukturu, eyni zamanda, ekoloji tarazlığın təmin olunması və turizmin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan tullantı sutəmizləyici qurğular inşa olunur. Müqayisə üçün bildirim ki, sovet dövründə regionlarda cəmi 6 şəhərdə mexaniki tipli tullantı sutəmizləyici qurğu fəaliyyət göstərirdisə, yeni layihələrdə hər bir şəhərin bioloji tipli qurğulara çıxışının təmin olunması nəzərə alınıb. Artıq 11 şəhərdə tullantı sutəmizləyici qurğular tikilərək istismara verilib, daha 7 şəhərdə, eləcə də Pirşağı qəsəbəsi yaxınlığında qurğuların inşası davam etdirilir. 10-dan çox şəhərdə isə qurğuların tikintisinə hazırlıq görülür”.

Q.Hüseynov deyib ki, Xəzər dənizinə axıdılan tullantı sularının qarşısının alınması üçün 14 kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının inşası başa çatdırılıb, Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası həyata keçirilib. Bununla da Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə tullantı sularının dənizə axıdılmasının qarşısı alınıb:

“Bakı şəhərində və Abşeron rayonunda səth və qrunt sularının yaratdığı problemlərin həlli məqsədilə 16 ünvanda layihələr icra edilib, 30 kilometr yağış-kanalizasiya kollektorları inşa olunub və bu ünvanlarda problemlər həll edilib. Layihə çərçivəsində Böyükşor, Məhəmmədi, Kürdəxanı və Taşağıl göllərində yaradılmış infrastruktur su səviyyəsinin tənzimlənməsinə imkan yaradıb. İstifadəsiz torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması barədə tapşırıqlarınıza uyğun olaraq, Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində 20 min hektar sahəni suvarma suyu ilə təmin edən iki layihə həyata keçirilib. Kür çayı sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, həcmi 50 min kubmetr olan anbarlar tikilib, əkin sahələrinə 42 kilometr uzunluğunda əsas daşıyıcı kəmərlər çəkilib və ərazilərə suyun verilməsi təmin olunub. Qeyd etmək istəyirəm ki, əkin sahələrinin suvarılmasına tələb olunan əlavə 5 kubmetr/saniyə su Kür sutəmizləyici qurğular kompleksindən verilir”.

ASC sədri əlavə edib: “Möhtərəm Prezident, “Su həyatdır, təmiz su sağlam həyatdır” fikrinizi rəhbər tutaraq içməli suyun keyfiyyət göstəricilərini daim diqqətdə saxlayırıq. Tapşırığınıza uyğun olaraq, beynəlxalq standartlara uyğun yaradılmış Mərkəzi Laboratoriyada içməli və tullantı sularının öyrənilən parametrlərinin sayı 105-ə çatdırılıb. Halbuki əvvəllər bu parametrlər cəmi 39 idi. Beynəlxalq akkreditasiyadan keçən və dünyanın aparıcı şirkətlərinin təmsil olunduğu səriştəlilik proqramlarına qoşulan Mərkəzi Laboratoriyada aparılan analizlərin nəticələri müvafiq beynəlxalq təşkilatlar və laboratoriyalar tərəfindən tanınır. Bu təcrübədən istifadə etməklə hazırda respublika üzrə 10 regional laboratoriyanın yaradılması istiqamətində işlər aparılır. Regional laboratoriyaların coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq mümkün olsun.

Fəaliyyətimizin əsas istiqamətlərindən biri də istehlakçılara göstərilən müştəri xidmətlərinin səviyyəsinin yüksəldilməsi, informasiya kommunikasiya texnologiyalarının imkanlarından maksimum istifadə etməklə, müştəri məmnunluğunu təmin etməkdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, “Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” fərmanınızdan irəli gələn tələblərə uyğun olaraq, 11 elektron xidmət hazırlanaraq vətəndaşların istifadəsinə verilib. 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan əlavə beş elektron xidmət müştərilərin işini daha da asanlaşdıracaq. Ən çox elektron müraciət qəbul edən 5 dövlət qurumundan biri olan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2017-ci ilin birinci rübündə 27 min müraciət daxil olmuşdusa, cari ilin analoji dövründə bu rəqəm 111 minə çatıb. Başqa sözlə, ötən ilin birinci rübündə elektron müraciətlər ümumi müraciətlərin 12 faizini, 2018-ci ilin müvafiq dövründə isə 30 faizini təşkil edib.

Cənab Prezident, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyiniz tapşırıqlara uyğun olaraq, bu il Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşası başa çatdırılacaq”.

O qeyd edib ki, Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşacaq, 10-dan çox şəhərdə isə belə qurğuların tikintisinə başlanılacaq: “Qlobal istiləşmə və quraqlıq nəticəsində su mənbələrinin məhsuldarlığında qeydə alınan dəyişiklikləri nəzərə alaraq, möhtərəm Prezident, Sizin tövsiyənizlə 2018-ci ildə Şamaxı, Gədəbəy, Lerik, Tovuz və Ağstafa şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunacaq. Məhsuldarlığına görə Azərbaycanın regionlarında tikiləcək ən böyük qurğu - Şəmkirçay sutəmizləyici qurğusunun inşası da bu il başa çatdırılacaq. Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndləri su ilə təmin edəcək bu qurğuda sutkada 140 min kubmetr içməli su emal olunacaq.

Bu il içməli su problemindən əziyyət çəkən 40-dan çox kənddə yeni layihələrin icrası nəzərdə tutulur. Sizin tapşırığınızla kənd və qəsəbələr üzrə kompleks araşdırmalar davam etdirilir və işlər yekunlaşdıqdan sonra təkliflər ali diqqətinizə təqdim olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti