Bakı. Samir Əli - Trend:
Sumqayıt Apellyasiya Məhkəməsində 3 yaşlı uşağın ölümü ilə bağlı Sumqayıt şəhər məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Bu barədə Trend-ə vəkil Əli Hüseynov məlumat verib.
Vəkil bildirib ki, prosesdə şikayət araşdırılıb və iş üzrə təqsirləndirilən, "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun günahı sübuta yetirilməyib. Məhkəmə Sumqayıt şəhər məhkəməsinin çıxardığı bəraət hökmünü qüvvədə saxlayıb.
İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə-hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.
Xatırladaq ki, İ.Qəmbərov barəsində həbs qətimkan tədbiri seçilməyib.
Sumqayıt şəhər məhkəməsində iş araşdırılsa da, İ.Qəmbərovun hadisədə günahı sübuta yetirilmədiyi üçün ona bəraət hökmü çıxarılıb. Məhkəmə həmçinin işi araşdıran müstəntiq barəsində qərardad çıxarıb.
Hökmlə razılaşmayan zərərçəkmiş tərəf və Sumqayıt şəhər Prokurorluğu hökmdən apellyasiya şikayəti vermişdi.