...

Konstitusiya Məhkəməsi: Əksər imkansız ailələrdə qadınlar yaşamaq hüququnu itirməmək üçün hər növ təhqirə məruz qalmağa razıdırlar

Gündəm Materials 26 Noyabr 2018 11:28 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan qanunvericiliyində qısamüddətli və uzunmüddətli mühafizə orderləri öz təminatını tapıb, ancaq onların tətbiqi mexanizmi təkmilləşdirilməlidir.

Trend-in məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasının açılış konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Konstitusiya Məhkəməsində Mülki Məcəllənin 228-ci maddəsinin şərhi ilə bağlı 6-dan çox işə baxılıb.

Hakimin sözlərinə görə, həmin maddədə qeyd olunur ki, nikaha daxil olan şəxslər mülkiyyətçi ilə notarial qaydada təsdiq edilmiş müqavilə bağlamalıdırlar. Lakin təcrübədə bu, çox nadir hallarda baş verir:

"Nikah bağlandıqdan sonra qadın həyat yoldaşının valideynlərinin mülkiyyətində olan mənzilə gəlin gəlir və heç də müqavilə bağlamaq haqqında düşünmür. Boşanma nəticəsində isə yalnız mülkiyyətçinin iradəsindən asılı olaraq, istifadə hüququnu əldə edir. Əksər imkansız ailələrdə qadınlar yalnız yaşamaq hüququnu itirməmək üçün hər növ təhqir və fiziki təzyiqlərə məruz qalmağa razıdırlar".

C.Qaracayevin sözlərinə görə, Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında bildirib ki, "keçmiş ailə üzvü"nün, yəni gəlinin mənzildən istifadə hüququna xitam verilməsinə müvafiq kompensasiya ödənildikdən sonra icazə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti