...

52 nəfərə 2 milyon manat ziyan vuran şirkət rəhbərinin məhkəməsi başladı

Gündəm Materials 5 Dekabr 2018 12:49 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
52 nəfərə 2 milyon manat ziyan vuran şirkət rəhbərinin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror Fəhmin Hümbətov ittiham aktını elan edib.

S.İbrahimov özünü təqsirli bilməyib.

Prosesdə zərərçəkən şəxs qismində ifadə verən Mərdan Vəliyev deyib ki, 2013-cü ilə o, "STS" şirkətindən mənzil alıb: “105 min 270 manat pul vermişəm. Hər şey hazır olan vaxtı məlum olub ki, mənzil başqa şəxsə də satılıb. Şikayət etdim. Bundan sonra mənzili mənə qaytardılar. Hazırda ev məndədir və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbim yoxdur".

Mərdan Vəliyev S.İbrahimovu tanımadığını, müqavilənin Məzahir Cəfərovla imzalandığını deyib.

Prosesdə digər zərərçəkən Etibar Allahverdiyevin vəkili Xəqani İmanov çıxış edərək müvəkkilinin Rusiyada olduğunu, işləri ilə əlaqədar məhkəməyə gələ bilmədiyini bildirib.

X.İmanov deyib ki, E. Allahverdiyev “STS” şirkətindən mənzil almaq üçün S.İbrahimova müraciət edib: "Sahib İbrahimov isə Xətai rayonunda inşa edilən binadan iki mənzilin boş olduğunu bildirib. İki mənzil üçün 162 min 400 dollar pul istənilib. Bu pul Sahib İbrahimovun möhürü ilə şirkətin kassasına ödənilib. Ancaq bizə hələ də mənzil verilməyib. Mən S.İbrahimovla görüşdüm, o, mənə mənzilin qaytarılacağı barədə söz verib, lakin vədinə hələ də əməl etməyib".

Zərərçəkmiş şəxsin nümayəndəsi dəymiş zərərin ödənilməsini tələb edib və ötən prosesdə mülki iddianı məhkəməyə təqdim etdiyini xatırladıb.

Təqsirləndirilən S.İbrahimov isə zərərçəkmiş şəxsi tanımadığını qeyd edib.

S.İbrahimovun vəkili Rəna Məmmədova da zərərçəkmiş şəxs Etibar Allahverdiyevin özünün məhkəməyə çağırılıb dindirilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 12-də davam edəcək.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərəri bir qismini ödəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti