...

Azərbaycanda reklam hesab olunan məkanların SİYAHİSI genişləndirildi

Gündəm Materials 5 Mart 2019 14:37 (UTC +04:00)
Azərbaycanda reklam hesab olunan məkanların siyahısı genişləndirilir.
Azərbaycanda reklam hesab olunan məkanların SİYAHİSI genişləndirildi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda reklam hesab olunan məkanların siyahısı genişləndirilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Reklam haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.

Qanunun yeni redaksiyada verilən 26.1-ci maddəsinə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında, dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin, vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında, yeraltı keçidlərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.

Hazırda isə 26.1-ci maddəyə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir.

Qanuna əlavə edilən 26.1-1-ci maddədə isə deyilir ki, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Bu Məcəllədə tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Sənəddə, həmçinin açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısının Dövlət Reklam Agentliyindən aldığı icazənin maksimal müddətinin 1 ildən 3 ilədək artırılıması, eyni zamanda icazə müqaviləsinin ləğvi, obyektlərin adını göstərən reklam hesab olunmayan lövhələrin ölçüsünün 2 kv.m-dən 1 kv.m-dək azaldılması, bir sıra dəqiqləşdirmə xarakterli dəyişikliklər nəzərdə tutulur.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti