Bakı. Samir Əli - Trend:
Ermənistan tərəfindən Gəncəyə övbəti dəfə raket hücumu etməsi növbəti terror aktıdır, müharibə cinayətidir.
Bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, əgər Ermənistan Dağlıq Qarabağdan deyil, öz ərazisindən Azərbaycana qarşı zenit-raket kompleksi ilə hücumu edirsə, Azərbaycan Ordusu bu barədə adekvat tədbirlər görəcək: "Biz bununla bağlı Ermənistana xəbərdarlıq da etmişdik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən, hər bir dövlətin özünümüdafiə hüququ var. Biz də o maddəyə əsasən, xəbərdarlıq etmişik. Xəbərdarlıqlara baxmayaraq Ermənistan bu hücumlarını davam etdirirsə, cavabını alacaq! Ermənistan nəticələrini hesablmadığı hərbi cinayətlər törədir".
Polkovnik-leytenant bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı terroçuluqla məşğul olan Ermənistanı sıralarından qovmalıdır: "Ermənistan Gəncədə terror törədir, amma həmin ölkələrdən, həmin təşkilatdan səs çıxmır. Təşkilat bu məsələdə birbaşa Ermənistanı cəzalandırmalıdır".
Ekspert bildirib ki, Gəncənin vurumlası əmrini Ermənistan rəhbərliyi verib, raket də Ermənistan ərazisindən atılıb. Gəncədə hərbi baxımdan heç bir obyekt yoxdur.